Azərbaycanın "Rio-2016"da "qızıl" ümidi kim olacaq? - SORĞU

Azərbaycanın "Rio-2016"da "qızıl" ümidi kim olacaq? - SORĞU

Rioda keçiriləcək Olimpiya Oyunlarına sayılı günlər qalıb. Təbii ki, Olimpiadadakı uğurların işıqlandırılamasında idman jurnalistlərimzin rolu böyükdü.

Hurriyyet.org idman sahəsində çalışan jurnalistlərə “Sizcə, Olimpiya Oyunlarında hansı idman növündə daha çox medalımız olacaq? Bəs qızıla favorit kimdir” sualıyla müraciət edib. Həmkarlarımızın fikirlərini təqdim edirik.

Sənan Şəfizadə, ATV kanalı: “Rio Yay Olimpiya Oyunlarında güclü rəqabət olacaq. Adətən, Olimpiadada favorit olmur. Titullu idmançıları belə ümidləri doğrultmaya bilər. Bu mənada ad çəkmək çətindir. Ənənəvi idman növlərində uğur gözləyirəm. Bura boks, güləş və cüdo aiddir. Avarçəkmə, taekvondo və gimnastlkada da uğurlu çıxış edəcəyimizə inanıram. Qızıla namizəd idmançının adını söyləmək hər zaman həmin təmsilçimizi təzyiq altında saxlayır. Bu mənada hər bir olimpiyaçımıza uğur diləyirəm. Favorit qismində boksda Elvin Məmmişzadə, Albert Səlimov, cüdoda Rüstəm Orucovun adını çəkə bilərəm. Adətən, belə deyirlər: “Olimpiadada əsas iştirakdır”. Əslində elə deyil, əsas medal qazanmaqdır”.

İlqar Tağıyev, "Het-trik news”: “Qısaca deyə bilərəm ki, güləş… Güləşdən daha çox medal gözləyirik. Əsas da qızıl medal gözləyirik. Ən çox da sərbəst güləşçilərdən medal gözləyirik. Bundan əlavə, boksdan da medal gözləməyə dəyər. Düzdür, onlardan qızıl gözləmək bir qədər çətindir. Amma bürünc medal qazanmaq ehtimalları var. Taekvondoda da idmançılarımızın medal qazanmaq şansları var. Başqa bir neçə idman növü var ki, oradakı legionerlər milliləşdirilib. Həmin idman növlərində guman ki, yerlilər olmasa da, həmin legionerlərin hesabına qızıl ehtiyatımızı artıra bilərik. Amma legioner və ya yerli idmançı olmasından asılı olmayaraq, Azərbaycan bayrağı altında çıxış edən hər bir idmançıya azarkeşlik edəcəyik. Çünki qazanılan medal Azərbaycanın adınadır. Bunların da çoxunun qızıl olmasını arzulayırıq. Təkin bayrağımız yüksəyə qalxsın, himnimiz səslənsin”.

Elnur Məmmədli, CBC sport: “Təbii ki, güləşdən daha çox medal gözləyirəm. Burada hər üç növdə - sərbəst, yunan-Roma və qadın güləşində medal qazanmaq şanslarımız yüksəkdir. Boks idman növündə ilk dəfə qızıl medalımız ola bilər. Taekvondoda da böyük ehtimalla, medal olacaq. Cüdo idman növündə də yətərincə güclü idmançılarımız var. Bu növdə də bir nəfər mükafatçılar sırasına düşə bilər. Nəhayət, bu il avarçəkmə idman növündən də medal gözləyirəm”.

Elnur Həmidov, Komanda.az: “Məncə, Olimpiya Oyunlarında əsas medal şansımız həmişəki kimi güləşdədir. Ancaq boks və cüdodan da uğur gözləməyə dəyər. Qızıl çox güman ki, ya güləş, ya da cüdodan gələcək. Və ya hər ikisindən...”

Rəşad Ergün, Komanda.az: “Boksda və güləşdə medal sayımızın çox olacağını düşünürəm. Qızıl medallara favorit komanda kimi isə güləş yığmamızı görürəm”.

Gündüz Abbaszadə, CBC sport: “Boks, güləş, cüdo və taekvondoda idmançılarımızın uğurlu çıxış edəcəyini düşünrəm. Zənnimcə, Rüstəm Orucov və Elmar Qasımov qızıl qazana bilər. Güləşçilərin hər birindən də medal gözəlmək olar. Yəqin ki, bu dəfə Mariya Stadnik qızıl qazanacaq. Fəridə Əzizova da medalçılar sırasında olar deyə düşünürəm. Qızıla favoritlər isə cüdo və güləş komandalarımızdır”.

Aynurə Pənahqızı, “İdman” qəzeti: “Həmişə olduğu kimi, bu dəfə də güləşçilərimizə ümidlərimiz böyükdür. İdmançılarımızın yüksək hazırlıqları ona əsas verir ki, bu il say baxımınzdan medallarımız üstünlük təşkil edəcək. Taekvondoda Fəridə Əzizovaya ümidlər böyükdür. Fəridə özü başqaları üçün ciddi rəqibdir. Boksda isə Rüstəm Orucovun uğur qazanacağına inanılır. Yenə qeyd edirəm, ən çox güləşçilərə ümidlərimiz böyükdür. Amma cüdoda tarix yazıla bilər. Çünki ötən illərə nisbətən cüdoçularımız daha inamlı qələbələr qazanır. Boksçulardan Elvin Məmişzadənin və Cavid Çələbiyevin ən azı “üçlük”də olacağını düşünürəm. Çünki Elvin Məmişzadə çox universal boksçudur, həm də sürətlidir. Rəqibini qarşılayıcı zərbə ilə üstələyə bilir. Cavidin isə üstünlüyü rəqiblərinə qarşı sonadək yorulmadan mübarizə apamasındadır. Belə getsələr, qalib olacaqlar”.

Emin Səfərov, Sport7.az: “Məlum olduğu kimi, Yay Olimpiya Oyunlarına ən çox lisenziya qazanan güləşçilərimizdi. Buna görə də ən çox uğuru idmanın bu növü ilə məşğul olan 14 pəhləvandan gözləmək olar. Bundan başqa, 11 kişi boksçumuzun da heç olmasa, 50 faiz nəticə göstərəcəyini düşünürəm”.

Əli Sahib, Fanat.az: “Azərbaycanın həmişəki kimi, güləş və boks sahəsində iddialı olduğunu düşünürəm. İndiyədək qazandığımız olimpiya medallarının əksəriyyəti bu iki idman növünün payına düşür. Fikrimcə, yenə də həm güləşçilərimiz, həm də bokçularımız bizi sevindirəcək. Həmçinin son dövrlər cüdoda canlanma hiss olunur. "Bakı-2015"dəki fiaskodan sonra müəyyən dəyişikliklər oldu. Cüdo həmişə Azərbaycanda aparıcı idman sahələrindən olub. Buna görə də idmançılarımızdan uğur gözləmək olar. Eyni zamanda gimnastika millimizə də ümidim var”.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər