"Rabitə" klubunun sabiq prezidenti Cəlil Cəfərov məhkəmədə prokurorun suallarını cavablandırıb. Fanat.Az xəbər verir ki, "Rabitə işi"nə görə həbs edilən "AzİnTelekom” MMC-nin keçmiş baş direktroru klubla bağlı da danışıb.
O, təsis etdiyi voleybol klubunun haradan maliyyələşdiyinə də aydınlıq gətirib: "Nazirliyin kollegiya qərarı ilə klubun xərcləri "Azintelekom" MMC-nin hesabına verilirdi. Bu məsələ cəmiyyətə həvalə olunmuşdu. Sənədləşdirilməsi mümkün olmayan xərclərin üzərinə qayıtmaq istəmirəm. Mən verilən pulları özümə istifadə etməmişəm, hər şeydən Vidadi Zeynalovun xəbəri olub. Mən nazir Əli Abbasovun tapşırığı ilə hər ay 50 min manatı Vidadi Zeynalovdan alırdım. İstintaqda göstərilən pullar isə qardaşım ödəyib. Voleybol sahəsini idarə etmək çətin idi, xeyli xərc tələb olunurdu".
Prokurorun "AKEY" MMC-nin əməkdaşı Elmar Hüseynovu tanıyırsınızmı?" sualına C. Cəfərov belə cavab verib: "Onunla bir neçə dəfə görüşmüşəm. Mənə klub üçün pul verirdi. Mən də nazir Əli Abbasovun tapşırığı ilə hər ay pulun 29 min ABŞ dollarını data sisteminə, 50 min dollarını klubun xərclərinə, 300 min dollarını isə Vidadi Zeynalova verirdim. Hesab edirdim ki, bu paketlər qeyri-qanuni deyil. Mən cinayət etməmişəm, yalnız dövlət və millətim üçün iş görmüşəm".
Fanat.Az