Azərbaycan London Olimpiadasında daha bir medal qazanıb? - AÇIQLAMA

Azərbaycan London Olimpiadasında daha bir medal qazanıb? - AÇIQLAMA
Azərbaycan Olimpiya tarixinə daha bir medal əlavə olunub. Son illər yalnız əleyhimizə işləyən dopinq qalmaqalları bu dəfə yığmamız mükafat bəxş edib.
 
Özü də bu ən qalmaqallı idman növümüz olan ağırlıqqaldırmada rəsmiləşib. Buna London Olimpiadasında 94 kq çəki dərəcəsində körpücük üzərinə çıxan İntiqam Zairov imza atıb.
 
Yarışları 6-cı yerdə başa vuran 397 kq (182 kq + 215 kq) atlet sonradan dopinqdə “ilişsə” də, Beynəlxalq Ağırlıqqaldırma Federasiyası tərəfindən bəraət alıb. Bu çəki dərəcəsində öncədən 6 idmançı cəzalandığından bunlardan birinin, yəni Zairovun “təmizə” çıxması onun sıralamada da irəliləməsinə səbəb olub. Nəticədə həmyerlimiz Olimpiadanın gümüş medalına yiyələnib.
 
Londonda 5-ci olan iranlı Səid Məhəmmədpurkarkara isə çempion elan edilib. Bürünc mükafat isə koreyalı, Londonda 8-ci olan Min Jae Kimə nəsib olub. Bütün bunlara səbəb ilk “dördlük”də qərarlaşanların – İlya İlin (Qazaxıstan), Aleksandr İvanov (Rusiya), Anatoli Kiriku (Moldova), Andrey Demanov (Rusiya), həmçinin 7-ci olan Almaz Utisovun (Qazaxıstan) cəzalanması olub.
 
Bununla, London-2012-də qazanılan medalların sayı 11-ə çatıb. 2 qızıl, 2 gümüş və 6 bürüncü olan yığmamız ikinci yerlərinin sayını 3-ə çatdırıb.(apasport.az)
Lakin İntiqam Zairovun gümüş medal qazanması hələ rəsmiləşməyib. Bu barədə açıqlama verən Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat katibi Kənan Məstəliyev bunun səbəbini açılayıb: 
"Ağır atletimiz İntiqam Zairovun London Olimpiadasında 94 kq çəki dərəcəsində gümüş medala sahib çıxması xəbərləri rəsmi deyil. Bəli, Zairovun adı Beynəlxalq Ağır Atletika Federasiyasının rəsmi səhifəsində "nəticələr" bölməsində 94 kq çəki dərəcəsində London Olimpiadasının gümüş medalçısı kimi göstərilir. Təbii olaraq da, hər kəs buna istinad edir. Ancaq WADA və Beynəlxalq Olimpiya Komitəsinin Zairovla bağlı dopinq araşdırması hələ davam edir və nəticəsi açıqlanmayıb. Yəni, bunu müvəqqəti durum kimi qəbul etmək olar. Biz də federasiya olaraq qərarı gözləyirik. Hamı kimi, bəlkə də hamıdan daha çox məhz biz Zairovun medala sahib çıxaraq adını tarixə yazdırmasını istəyirik. İndidən sevinib, sonradan ikiqat üzülmək istəmirik. Ümid edirik ki, atletimiz layiq olduğu medalı qazanacaq. İntiqama uğurlar!"
 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər