"Milan"ın sabiq futbolçusu Demetrio Albertini eyniadlı şəhərin təmsilçisini "Liverpul"un forvardı Divok Origini transfer etməyə səsləyib.
Fanat.Az xəbər verir ki, Albertini "La Gazzetta dello Sport"a müsahibəsində belə danışıb:
"Milan" öz klublarında heyətə düşməkdə çətinlik çəkən hücumçuları diqqətdə saxlamalıdır. Məsələn, "Liverpul"dakı Oriqiyə baxsaq, yetərincə yaxşı variantdır. A Seriyasında çox qollar vurar. Titulları bombardirlər gətirir. Bunu sizə bir yarımmüdafiəçi deyir".
Daha öncə İtaliya mətbuatında "Milan"ın Origi ilə maraqlandığı barədə informasiya yayılmışdı.
Sözügedən futbolçunun "Liverpul"la olan müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq. Belçikalı hücumçu bu mövsüm İngiltərə Premyer Liqasında 3 oyuna çıxaraq 2 qol vurub. Çempionlar Liqasında "qırmızılar"ın formasıyla 5 matçda iş başında olan Divok qitənin ən nüfuzlu klub turnirində 1 qol və eyni sayda məshuldar ötürmə ilə diqqət mərkəzinə düşüb.