"Bursaspor"un futbolçusu Dəniz Yılmaz Azərbaycan millisində çıxış edə bilər. Fanat.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Agentliyə açıqlama verən futbolçunun meneceri Erdem Karagöl AFFA-dan təklif aldıqlarını bildirib: "AVRO-2016"dan öncə onun Türkiyə millisinə dəvət edilməsi gözlənilirdi. Hətta ilkin heyətə çağırılacağını gözləyirdi. Amma dəvət almadı. Dəniz buna görə məyus oldu. Ötən həftə Azərbaycan Futbol Federasiyasından təklif aldıq. Bu təklifi Dənizə deyəndə təəccübləndi. O, Almaniyada doğulub. Amma indiyədək nə Almaniya, nə də Türkiyə millisində çıxış edib. Buna görə Azərbaycanı təmsil edə bilər. Hazırda təklifi dəyərləndiririk. Dəniz əslində "ya-ulduzlu" formanı geyinmək istəyirdi. Amma Azərbaycandan aldığı təklif də onu xoşbəxt etdi. Bu təklifə müsbət yanaşır. Düşünmək üçün bir az zaman istədi. Hazırda "Bursaspor"un təlim-məşq toplanışındadı. 3-4 günə qərarını verəcək".

Qeyd edək ki, Dəniz Yılmaz 1988-ci ilin 26 fevralında Almaniyanın Neu-Ulm şəhərində dünyaya gəlib. Futbolun sirrlərini Almaniyanın "TV Viblingen" və "SSV Ulm 1846" klublarında öyrənməyə başlayan hücumçu 2005-ci ildə - 17 yaşında "Bavariya"ya keçib. Həmin ildən mütəmadi olaraq ildə "Bavariya II"də çıxış edən futbolçu 2008/09 mövsümündə əsas komandaya yüksəlib. Amma burda möhkəmlənə bilməyib. Əsas komandada 9 oyunda meydana çıxan türk futbolçunun adı həmin mövsüm Çempionlar Liqasının sifariş ərizəsinə salınıb.

2011-ci ildə "Bavariya"dan ayrılan Yılmaz "Maynts 05"ə keçib. İki il ərzində o, həm əsas, həm də ikinci komandanın formasını geyinib. 2012/13 mövsümündə "Paderborn"a icarəyə verilən futbolçunun növbəti dayanacağı Türkiyə olub. Belə ki, 2013/14 mövsümündə "Elazığspor"da çıxış edib. Elazığ təmsilçisi "Maynts 05"dən 250 min avroya aldığı futbolçunu 2014-cü ildə 1,8 milyon avroya "Trabzonspor"a satıb. 2014/15 mövsümündə və 2015/16 mövsümünün ilk yarısında Qara dəniz klubunun formasını geyinən Dəniz 23 oyunda 3 qola imza atıb.

2016-cı ilin əvvəlində - 2015/16 mövsümünün qış fasiləsində isə "Bursaspor"a transfer olnub. Mövsümün ikinci yarısında Bursa təmsilçisinin heyətində 13 oyun keçirən 28 yaşlı futbolçu 6 qola imza ataraq diqqətləri üzərinə çəkib.

Dəniz Türkiyənin A millisinə dəvət almasa da, aşağı yaş qrupları üzrə komandalarında çıxış edib. Belə ki, U-16 (12 oyun, 4 qol), U-17 (28 oyun, 9 qol), U-18 (3 oyun, 1 qol) və U-19 (2 oyun, 1 qol) yığmalarında forma geyinən futbolçu 2009-2010-cu illərdə U-21-ə dəvət alıb. Bu müddətdə 9 oyuna çıxan futbolçu 2 qol vurub.

Hazırda "Transfermarkt" ona 1,5 milyon avro qiymət qoyub. 2014-cü ildə isə futbolçunun dəyəri 2,5 milyon avro olub
Fanat.az