Müstəqilliyi bir çox ölkələr tərəfindən tanınmamış Kosovanın Futbol Federasiyasının üzvlüyə qəbul edilməsi dünən Macarıstanın paytaxtı Budapeştdə keçirilən UEFA-nın XL Konqresində müzakirə olunub.
UEFA-ya üzv olan 54 assosiasiya arasında bu məsələ gündəmdə olub. Belə ki, keçirilən səsvermə zamanı 28 assosiasiya Kosovonun UEFA-ya üzvlüyünə razılığını bildirib, 24-ü isə bunun əleyhinə olub. Daha 2 assosiasiya isə bitərəf qalıb.
Əleyhinə olanlardan 2-sinin Kosova ilə düşmən münasibətində olan Serbiya və onun müttəfiqi Rusiyanın olduğu artıq məlumdu. Həmçinin Azərbaycan tərəfindən Kosovanın müstəqilliyi tanınmadığından, ehtimal etmək olar ki, AFFA da əleyhinə səs verənlərdən olub.
UEFA-nın baş katibi Teodor Teodoridis isə bildirib ki, Rusiya və Ukrayna, Azərbaycan və Ermənistan təmsilçilərinin bu qurum çərçivəsində keçirilən oyunlarda siyasi səbəblərə görə üz-üzə gəlmək imkanları olmadığı kimi, bu münasibətlər Serbiya ilə Kosovaya da aid edilir.
Kosova Futbol Federasiyasının FIFA-ya üzvlüyü isə mayın 12-13-də müzakirə olunacaq. Bu məsələ FIFA-nın Meksikanın paytaxtı Mexikodakı konqresində gündəmə çıxarılacaq.
Qeyd edək ki, milliyyətcə alban olan kosovolılar 2008 və 2011-ci ildə FIFA-ya üzv olmaq üçün müraciət etsələr də, dünyanın ali futbol qurumu bu müraciəti rədd etmişdi. 2012-ci ildə isə FIFA-nın İcraiyyə Komitəsi Kosova klublarına, o cümlədən gənclər və qadın millisinə qondarma ölkələrin təmsilçiləri ilə yoldaşlıq matçları keçirməyə razılıq vermişdi. İndi isə Kosovanın FIFA-ya tam hüquqlu üzvlüyündən söhbət gedir.
Onu da bildirək ki, Kosovanın müstəqilliyi dünyanın 108 dövləti tərəfindən tanınıb. Bu isə BMT üzvü olmaq üçün kifayət etmir. Üstəlik, BMT-nin daimi üzvləri olan Rusiya ilə Çin bu ölkənin üzvlüyünə veto qoyub. (Qaynarinfo.az)
Fanat.az