Bu gün AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib. Fanat.Az xəbər verir ki, iclasda “Təhsil” Respublika İdman Mərkəzinin məşqçi Tural Kərimovla bağlı müraciətinə və “İnter” PİK-in U-17 komandasının futbolçusu Riyad Abbaszadənin müraciətinə baxılıb.
Müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
1. AFFA-nın İntizam Komitəsinin “Təhsil” Respublika İdman Mərkəzinin məşqçisi Tural Kərimovla bağlı çıxardığı qərar qüvvədə saxlanılsın.
Qeyd edək ki, 6 noyabr 2016-cı il U-10 Liqasında “Leon” FK (Bakı) - “Təhsil” FM (Bakı) matçı başa çatdıqdan sonra “Təhsil” FM klubunun məşqçisi Tural Kərimov oyunun baş hakiminə qarşı qeyri-etik ifadələr işlətdiyinə və fiziki təsir göstərdiyinə görə 1 il yarışlardan kənarlaşdırılıb.
2. “İnter” PİK-in U-17 komandasının futbolçusu Riyad Abbaszadə barədə İntizam Komitəsinin qəbul etdiyi qərar qismən dəyişdirilsin. Futbolçu intizam tədbiri olaraq 6 aylıq sınaq müddəti təyin olunmaqla verilmiş cəzadan azad olunsun. 6 aylıq sınaq müddəti ərzində futbolçu Riyad Abbaszadə analoji hərəkətlərə yol verəcəyi təqdirdə, ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunsun.
Qeyd edək ki, 21 noyabr 2016-cı il Bakcell U-17 Liqasında “İnter” PİK - AZAL PFK oyunu başa çatdıqdan sonra “İnter” PİK-in futbolçusu Riad Abbaszadə AZAL klubunun rəsmi şəxsini bilərəkdən vurduğuna görə 12 ay yarışlardan kənarlaşdırılıb.
Fanat.Az