Xəbər verdiyimiz kimi, Beynəlxalq Bankın İdarə Heyəti bank tərəfindən “İnter” Peşəkar İdman Klubuna sponsorluğun dayandırılması haqqında qərar verilib. Bank tərəfindən verilən rəsmi açıqlamada sponsorluğun dayandırılmasında məqsəd yeni fəaliyyət mərhələsində olan bankda biznesin optimallaşdırılması və restrukturizasiya proseslərinin aparılması göstərilir.
Fanat.Az xəbər verir ki, bankın müvafiq qərarla əlaqədar AFFA-ya müraciətinə və bank ilə AFFA arasında bağlanmış müqaviləyə uyğun olaraq “İnter” Peşəkar İdman Klubunun idarəçiliyini federasiyaya verib. Artıq AFFA klubun idarəetməsini öz üzərinə götürməklə bərabər yeni sponsor axtarışına başlayıb.
Sabahdan etibarən AFFA klubun idarəçiliyini öz üzərinə götürür və Rəmiş Malıyevi “İnter” Peşəkar İdman Klubunda səlahiyyətli nümayəndə təyin edir.
Qeyd edək ki, Malıyev Rəmiş Təzəxan oğlu 16.06.1976-cı ildə Bakı şəhərində anadan olub. 1997-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsini bitirib.
2008-ci il iyulun 1-dən etibarən Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında hüquqşünas kimi fəaliyyətə başlayıb. Hazırda AFFA-nın Hüquq və Kadr şöbəsinin müdiri vəzifəsində çalışır.
UEFA-nın Hüquq komitəsinin üzvü və UEFA-nın Azərbaycan üzrə danışılmış oyunlara qarşı mübarizə sahəsində nümayəndəsidir.
Qadınlar arasında 2012-ci ildə Azərbaycanda keçirilən FİFA U-17 dünya çempionatı və kişilər arasında 2016-cı ildə Azərbaycanda keçirilən U-17 Avropa çempionatının keçirilməsi üzrə Təşkilat Komitəsinin üzvü olub.
Ailəlidir, 3 övladı var.
Fanat.Az