AFFA Topaz Premyer Liqasının oyunlarını idarə edən hakimləri maaş üzünə həsrət qoyub. Fanat.az sport7.az-a istinadən xəbər verir ki, ədalət təmsilçiləri artıq 3 aydı ki, məvaciblərini ala bilmirlər.
Məlumata görə, hakimlər Polşada keçirilən yay təlim-məşq toplanışından qayıdanda, assosiasiyadan onların adına VÖEN açılmalı olduqlarını deyiblər. Hakimlər qanunun tələbi ilə razılaşsa da, onları narazı salan məqam tamam başqadı. Belə ki, ədalət təmsilçilərinin maaşlarından vergi ilə yanaşı, əlavə faiz də tutulur. Bunun da adını "AFFA-nın mənafesi" qoyublar. Belə çıxır ki, SOCAR-dan ayrılan milyonlar, assosiasiyanı təmin etmir. Qalıblar hakimlərinin maaşından tutulan 17 faizin ümidinə...
Hakimlərə maaşlarının bütün VÖEN-lər hazır olduqdan sonra ödəniləcəyi deyilib. Sonra isə etiraf ediblər ki, pul yoxdu. Deyəsən, AFFA-nın mühasibi baş katib Elxan Məmmədovu aldadır. Bizdə olan məlumata görə, Polşa təlim-məşq toplanışından lazımı qaydada cib doldurulub. Çünki 2 həftəlik hazırlıq zamanı ədalət təmsilçilərinə 400 manat cib xərcliyi veriləcəyi deyilib. Sənəd hazırlanıb, Elxan bəy də qol çəkib. Amma, onlara 400 yox, 200 manat verilib.
Son 3 ayın maaşını ala bilməyən hakimlər, indi Allahın ümidinə qalıb. Elə fikirləri də məvaciblərində qalıb. Sən demə, son turlarda qeydə alınan kobud hakim səhvləri təsadüf deyilmiş...
Fanat.az