AFFA-dan "Sumqayıt"a xüsusi tapşırıq -BİABIRÇILIQ

AFFA-dan "Sumqayıt"a xüsusi tapşırıq -BİABIRÇILIQ

Dünən Premyer Liqanın XXI turunda autsayderlər üz-üzə gəldi. "Bakı"-"Sumqayıt" görüşündə hesab açılmadı.

Sport7.az bu oyunla bağlı maraqlı informasiya əldə edib. Belə ki, "Sumqayıt"ın start heyətində Təvəkkül Məmmədov oynamalı imiş. Amma AFFA-nın komandası kimi tanınan "Sumqayıt"ın ilk "11-liy"ində son anda dəyişiklik olunub. Millimizin baş məşqçisi Robert Prosineçki həmin oyunu izləməyə gəldiyindən, AFFA-dan xüsusi göstəriş gəlib ki, Təvəkkülün yerinə Orxan Əliyev oynadılsın.

Aşağı yaş qruplarından ibarət millimizin üzvü olan Əliyev isə uzun müddətdi ki, zədəli olduğundan, ilk dəqiqələrdən meydana çıxmağa hazır deyilmiş. Ancaq yuxarıdan gələn tapşırıqla "Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov son anda heyətdə sözügedən dəyişikliyi edib ki, bu da futbolçuların narazılığına səbəb olub. Belədə komanda "Bakı"ya qarşı könülsüz oynayıb.

Sport7.az bu məsələni araşdırmaq üçün "Sumqayıt"ın yarımmüdafiəçisi Təvəkkül Məmmədovla danışıb. Futbolçu xəbəri təsdiqləyib: "İnter"lə oyunda tək mən yox, hamı yaxşı oynamışdı. Həmin oyundakı start heyət dəyişdirilməməliydi. Amma son anda məni Orxan Əliyevlə əvəzlədilər. Deyilənə görə, bu, Prosineçkiyə görə edilib. Bilmirəm, Prosineçki onu bəyəndi, ya yox. Amma istəyərəm ki, bəyənsin. Uşaqların könülsüz oynamasına gəlincə, ola bilər ki, son anda heyət dəyişikliyi futbolçulara müəyyən təsirini göstərib. Ancaq bu, Aqil Məmmədovun qərarıdı. O, baş məşqçidi və onun qərarına hörmətlə yanaşıram. Belə şeydən ruhdan düşmürəm və gələcəkdə də əsas heyətdə oynamaq üçün çalışacağam".

22 yaşlı futbolçu maraqlı məqama da toxunub. Onun sözlərinə görə, "İnter"lə oyunun "18-liy"ində yer almayan Orxan Əliyev zədəli olmayıb: "O, "Bakı" ilə matçın hazırlıqlarında iştirak etməmişdi. 1 həftəyə yaxın idi ki, komandanın düşərgəsində deyildi. Onun əsgərlik problemi vardı və bu məsələni yoluna qoymaqla məşğul idi".

Qeyd edək ki, Orxan Əliyev 90 dəqiqə meydanda olduğu halda, Təvəkkül Məmmədov ikinci hissədə meydana daxil olub. O, 61-ci dəqiqədə Tofiq Mikayılovu əvəzləyib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər