Bu gün AFFA-nın Futbol Akademiyasında baş katib Elxan Məmmədov, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Topaz Premyer Liqasında çıxış edən klubların baş məşqçiləri ilə görüş keçirilib. Fanat.az xəbər verir ki, görüşdə 8 Premyer Liqa klubunun baş məşqçisi iştirak edib.
Belə ki, Qurban Qurbanov (Qarabağ), Böyükağa Hacıyev (Neftçi), Kaxaber Tsxadadze (İnter), Mustafa Dənizli (Xəzər Lənkəran), Georgi Çixradze (Simurq), Vaqif Sadıqov (AZAL), Güvenc Kurtar (Rəvan) və Aqil Məmmədov (Sumqayıt) görüşə qatılıb. "Qəbələ"nin baş məşqçisi Yuri Syominlə "Bakı"nın çalışdırıcısı Milinko Pantiç toplantıya qatılmayıb.
Milli komandanın baş məşqçisinin köməkçiləri, AFFA-nın texniki direktoru, müxtəlif yaş qruplarından ibarət yığma komandaların baş məşqçiləri və klub rəsmilərinin də iştirak etdiyi görüşdə İcraiyyə Komitəsinin Topaz Premyer Liqasının 2014/15 mövüsümü üçün legioner limiti barədə qəbul etdiyi qərarla əlaqədar məşqçilər fikirlərini bildirib, İK-nın martın 7-də keçiriləcək iclasında məsələyə bir daha baxılması barədə təkliflər səsləndirib, legioner limiti ilə bağlı müxtəlif variantlar müzakirə olunub. Millinin baş məşqçisi Berti Foqts, həmçinin iclasda iştirak edən hər bir klub məşqçisi legioner limiti və ümumilikdə ölkə futbolunun inkişafı ilə bağlı fikirlərini səsləndirib, təkliflər irəli sürüb.
Fanat.az