Azərbaycan futbolunda növbəti biabırçılıq yaşanıb. Fanat.az xəbər verir ki, İspaniyanın Malaqa şəhərində keçirilən futzal üzrə tələbələrin dünya çempionatında iştirak edən Azərbaycan yığmasının saxtakarlığa əl atdığı məlum olub.
Turnir çərçivəsində keçirilən ilk oyunda Belarusa 1:5 hesabı ilə məğlub olan milli 2-ci görüşdə Omana qalib gəlib - 6:5. 3-cü turda Rusiya ilə görüş ərəfəsində Azərbaycan yığmasının saxtakarlığa əl atdığı məlum olub. Komandamızın heyətində turnir üçün tələb olunan yaş həddini keçmiş futbolçuların olduğu müəyyənləşib. Nəticədə Rusiya ilə oyunda texniki məğlubiyyət alan (0:5) yığmamızı İspaniyadan qovublar.
AFFA-nın baş katibi Elxan Məmmədov komandanın Malaqada onlar tərəfindən göndərilmədiyini bildirib: "Yığmanı dünya çempionatına AFFA göndərməmişdi. Heç bu barədə AFFA-nın saytında rəsmi məlumat da yox idi. Bu komanda Futzal Federasiyası və Tələbə Futbol Federasiyasının xətti ilə səfərə yollanmışdı. Komandaya qarşı sanksiya tətbiq edəcəyik".
Fanat.az