İspaniyanın “Selta” klubu heyətini yeni futbolçularla gücləndirib.
Fanat.Az xəbər verir ki, La Liqa təmsilçisi ABŞ-dan olan yarımmüdafiəçi Luka de la Torre və ispaniyalı mərkəz müdafiəçisi Unay Nunyesi transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Niderlandın “Herakles” klubundan transfer olunmuş Luka de la Torre ilə 4 illik müqavilə imzalanıb. Klub bu transfer üçün qarşı tərəfə 2 milyon avro ödəyib. ABŞ yığmasının da üzvü olan 24 yaşlı yarımmüdafiəçi, 2020-ci ildən Niderland klubunun uğurları üçün çalışırdı. O, bu komandanın heyətində meydana çıxdığı 67 oyunda 2 qol vurub. Torre daha öncə İngiltərədə “Fulhem”in formasını geyinib. Nunyes isə Bilbao “Atletik”indən qarşıdakı mövsümün sonuna kimi icarəyə götürülüb. 25 yaşlı futbolçu 2016-cı ildən formasını geyindiyi Bilbao təmsilçisində 107 oyun keçirib, 3 qol vurub. O, daha öncə “Baskoniya”da və İspaniyanın aşağı yaş qrupları üzrə yığmalarında da forma geyinib.