Yeni yaranan və növbəti mövsüm I divizionda oynamağa hazırlaşan "Ağdaş" klubunun artıq sponsor məsələsini də həll edib. Yerli meyvə emalı zavodu kluba sponsorluq etməyə razılıq verib.
Fanat.az xəbər verir ki, klubun prezidenti 25 yaşlı Rəhman Əliyevdi. O, həm oynayır, həm də kluba rəhbərlik edir. Rekord.az saytına müsahibə verən gənc prezident tezliklə I divizionda mübarizə aparmaq istədiklərini deyib:
“Çox çalışıram ki, növbəti mövsüm I divizionda mübarizə aparaq. I divizion klubları ilə keçirdiyimiz yoldaşlıq matçlarında da başa-baş mübarizə aparmışdıq. İnanıram ki, AFFA dəstək versə “Ağdaş” I diviziona başqa gözəllik qatacaq. Məqsədimiz Ağdaşı Azərbaycan futboluna qatmaqdı. İstər futbol, istərsə də azarkeş baxımından. İstəyimizi reallaşdra bilsək, 2-3 ilə Premyer Liqada da bizi görə biləcəksiniz. Məşqlərimizi olimpiya kompleksinin stadionunda edirik. Orda qalmağa yer də var. Stadionumuz təbii örtüyə malikdi. Vaxtlı-vaxtında biçilir, qulluq göstərilir. Özüm komandanın həm fəhləsiyəm, həm də prezidenti. Oyundan əvvəl stadionun ot örtüyünü də özüm biçirəm, xəttləri də özüm çəkirəm. Çünki bu, məni xoşbəxt edir. Özüm də komandada 71 nömrəli formanı geyinirəm”.
Fanat.az