Azərbaycan Kubokunun bombardirlər cədvəlində dəyişiklik olub. Fanat.az xəbər verir ki, Ruslan Qurbanov yarımfinalın cavab oyunundan sonra liderliyi ələ alıb.
Dünən keçirilən "Qəbələ" - "Neftçi" oyununadək bölgə təmsilçisindən Aleksey Qayla "ağ-qaralar"dan Ruslan Qurbanovun aktivində 4 qol var idi. "Neftçi"nin Qəbələdəki qoluna imza atan Qurbanov liderliyi ələ alıb - 5 qol. Qay doğma meydanda qol vura bilmədiyindən ikinci pillədə qalıb. "Qəbələ" finala çıxa bilmədiyindən ukraynalı futbolçu qollarının sayını artıra bilməyib.
"Qəbələ"nin qoluna imza atan Ermin Zets və "Qarabağ"ın "İnter"i məğlub etməsinə səbəb olan qolu vurmuş Migel Madera, onun komanda yoldaşı Samuel Armenteros və "Zirə"dən Nelson Bonillanın aktivində 3 qol var.
6 futbolçu "İnter"dən Sezar Meza Kolli, "Neftçi"dən Elşən Abdullayevlə Rəhman Hacıyev, "Qarabağ"dan Muarem Muarem, "Qaradağ Lökbatan"dan Sabir Allahquliyev və "Şərurspor"dan Rəhman Musayev hərəyə 2 dəfə fərqlənib.
Qeyd edək ki, daha 42 futbolçu hərəyə bir qol vurub. 3 futbolçu isə avtoqol müəllifi olub. Ümumilikdə cari mövsümdə Azərbaycan Kubokunda 78 qol vurulub.
Fanat.az