"Mançester Yunayted" Bakıda futbol məktəbi açır. Fanat.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, AFFA, "Bakcell" və "Mançester Yunayted" arasında tərəfdaşlıq münasibətləri çərçivəsində İngiltərə klubu Bakıda daimi fəaliyyət göstərəcək futbol məktəbi açacaq. İlkin mərhələdə, akademiyanın istedadlar qruplarında hər birində 16 uşaq olmaqla 32 uşaq oxuyacaq. İstedadlar qruplarında təhsil pulsuz olacaq. Uşaqlar hər bir kateqoriya üzrə "Mançester Yunayted"dən ezam olunan məşqçilər tərəfindən seçim prosesində seçiləcəklər.
İstedadlar qrupları və kommersiya əsaslı qruplar iki yaş qrupu üzrə təşkil olunacaq:
1) U8/U9 - (2006 və 2007-ci il təvəllüdlü) - 16 uşaq
2) U10/U11 - (2004 və 2005-ci il təvəllüdlü) - 16 uşaq
Məşqlər "Mançester Yunayted" futbol məktəbindən ezam olunan məşqçilər və iki nəfər yerli məşqçi assistenti tərəfindən keçiriləcək. Məşqlərə başlamamışdan əvvəl uşaqlara ingilis dili tədris olunacaq (məşqdən əvvəl həftədə ən azı iki dəfə). İstedadlar qruplarının seçimləri 23 sentyabr tarixində "Bayıl Arena"da keçiriləcək. İstedadlar qruplarına seçimlər prosesi başa çatdırıldıqdan sonra kommersiya əsaslı qrupların seçim prosesi başlayacaq.
Qeydiyyatdan keçmək istəyənlər sentyabrın 15-dən 22-dək, iş günləri saat 09.00-dan 18.00-dək aşağıdakı əlaqə məlumatlarından istifadə edərək AFFA-nın əməkdaşları ilə əlaqə yarada bilərlər:
Ramin Həsənov: Tel: +994 55 511 20 80 E-poçt: [email protected]
Kifayət Osmanova: +994 55 511 70 72 E-poçt: [email protected]
Rövnəq Abdullayev (AFFA-nın prezidenti): “Bakcell şirkətinin dəstəyi ilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və milyonlarla azarkeşi olan İngiltərənin dünya şöhrətli Mançester Yunayted klubunun birgə həyata keçirdikləri bu layihə - Mançester Yunayted Futbol Məktəbinin Bakıda fəaliyyətə başlaması - ölkənin futbol həyatında çox önəmli bir hadisədir. Bakıda fəaliyyət göstərəcək bu futbol məktəbi ölkədə futbolun keyfiyyət səviyyəsinin yüksəldilməsində xüsusi rol oynayacaqdır. Həftədə ən azı iki dəfə keçiriləcək məşqlərdən əvvəl uşaqlara ingilis dili dərsləri keçiriləcəkdir ki, bu da, həmçinin, təqdirəlayiq bir haldır. Ümidvaram ki, Mançester Yunayted Futbol Məktəbinin Azərbaycanda həyata keçirəcəyi işlər çox qısa bir zamanda öz bəhrələrini verəcək və burada oxuyan uşaqlar ölkə futboluna öz layiqli töhfələrini verə biləcəklər. Biz, AFFA-nın adından Bakcell şirkətinə və Mançester Yunayted klubuna səmimi qəlbdən təşəkkürümüzü bildiririk”.
Riçard Şirer (Bakcell şirkətinin Baş İcraçı Direktoru): “Azərbaycanın milli futbol komandasının sponsoru və MDB məkanında “Mançester Yunayted” klubunun ilk telekommunikasiya və yayım tərəfdaşı olaraq, Bakcell şirkəti ölkəmizdə futbolun inkişafına dəstək göstərir və AFFA ilə tərəfdaşlıq əlaqələri çərçivəsində gənclər futbolunun inkişaf etdirilməsi ilə bağlı müxtəlif layihələr həyata keçirir. Mançester Yunayted Futbol Məktəbinin regionda ilk dəfə olaraq Bakıda fəaliyyətə başlaması ölkəmizdə uşaq futbolunun inkişafına olan diqqət və qayğının nəticəsidir. Futbola olan böyük marağı və Azərbaycanda uşaqların ciddi potensiala malik olduqlarını nəzərə alaraq, xalqın mobil operatoru olan Bakcell şirkəti uşaq futbolunun inkişafına yönəlmiş uğurlu layihələri həyata keçirməkdən fəxr hissi duyur və şirkətimiz bu istiqamətdə əhəmiyyətli işlərin görülməsini gələcəkdə də davam etdirmək əzmindədir”.
Fanat.az