"Tottenhem”in yeni baş məşqçisi bəlli olub.
Fanat.Az xəbər verir ki, Hotspur komandasının "sükan"ı Nunu Eşpiritu Santuya tapşırılıb.
Məlumatı İngiltərə klubunun rəsmi saytı yayıb. Portuqaliyalı çalışdırıcı 2 illik müqaviləyə imza atıb.
Qeyd edək ki, "Tottenhem”i geridə qalan mövsümdə bu yay İtaliyanın "Roma” klubu ilə müqavilə bağlayan Joze Mourinyo çalışdırırdı. Lakin o, mart ayında istefaya göndərilmiş və komanda müvəqqəti olaraq Rayan Meysona tapşırılmışdı. London təmsilçisi Premyer Liqada geridə qalan mövsümü 7-ci pillədə başa vurub və Avropa Konfrans Liqasında iştirak hüququ qazanıb.
Nunu Eşpiritu Santu son olaraq Premyer Liqanın digər təmsilçisi "Vulverhempton”u çalışdırıb. O, 2017-ci ildən bu komandaya rəhbərlik edirdi. 47 yaşlı çalışdırıcı "Rio Ave”, "Valensiya” və "Portu”da da baş məşqçi olub.