Futbol üzrə Danimarka millisinin kapitanı Simon Kyer (Simon Kjaer) UEFA prezidenti Aleksandr Çeferin tərəfindən meydanda göstərdiyi fədakarlığa görə mükafatlandırılması barədə danışıb.
Fanat.Az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
İyunun 12-də, Avro-2020 -nin Finlandiya ilə oyunu zamanı, danimarkalı yarımmüdafiəçi Kristian Eriksen (Christian Eriksen) qazona yıxılaraq hüşünü itirmişdi. Komandanın kapitanı, digər futbolçuları və tibbi xidmətin operativ köməyi sayəsində yarımmüdafiəçi yenidən həyata qayıtdı.
Simon Kyer bu barədə daha ətraflı söz açıb:
"Həmin an nə mükafatı, nə də oyunu düşünmürdük. Mükafata görə UEFA-ya təşəkkür edirəm. Baş verənləri ömrümüzün sonuna qədər yaddaşımızda saxlayacağıq. Komanda olaraq bütövlüklə buna cavabdehlik daşıdıq. Bu birliyimizi qorumaq üçün hər şey edəcəyik.
Birlikdə vaxt keçirdiyimiz zaman həm meydanda, həm də kənarda, həyatın bütün sahələrində komandanın lideri olmağa çalışıram. Düşünürəm ki, bu, karyeramdakı əsas imtiyazlardan biridir.
Kristianı uzun illərdir tanıyıram. Böyük bir ailəsi, çoxlu dostları var, hamı ona ən yaxşısını diləyir. Əsas odur ki, onunla və ailəsi ilə hər şey yaxşıdır. Mən buna görə xoşbəxtəm".
Xatırladaq ki, Danimarka millisi AVRO-2020-dəki çıxışını yarımfinal mərhələsində İngiltərə yığmasına 2:1 hesabı ilə məğlub olaraq dayandırmışdı.
Emin Şəmsiyev