“Qalatasaray” heyətinə yeni futbolçu qatıb.
Fanat.Az xəbər verir ki, İstanbul təmsilçisi sabiq müdafiəçisi Semih Kayanı sıralarına cəlb edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Son olaraq “Yeni Malatyaspor” klubunda çıxış edən futbolçu sabiq klubu ilə mövsümün sonunadək sözləşmə imzalayıb.
Bir neçə gün öncə qarşılıqlı razılıq əsasında Malatya təmsilçisi ilə müqaviləsinə xitam verən müdafiəçi “Qalatasaray”a azad agent statusu ilə qoşulub. Kaya ilyarım idi “Yeni Malatyaspor”un uğurları üçün çalışırdı. Təcrübəli futbolçu bu müddət ərzində 56 oyuna çıxıb. Kaya “Qalatasaray”ın öz yetirməsidir. O, İstanbul təmsilçisində olarkən “Qaziantepspor” və “Kartalspor” klublarında icarədə oynayıb. 2017-ci ildə müdafiəçi Çexiyanın “Sparta” (Praqa) klubuna transfer olunub. 2019-cu ildə icarə əsasında yenidən “Qalatasaray”a dönən futbolçu ötən mövsümün əvvəlində Çexiya klubundan birdəfəlik ayrılıb və “Yeni Malatyaspor”a keçib. Bir sözlə, Türkiyə millisinin üzvü üçüncü dəfə “Qalatasaray”a qayıdıb.