"Real"ın və Fransa yığmasının sabiq üzvü Kristian Karambö Bakıya gəlib. Fanat.az хəbər verir ki, 44 yaşlı veteran futbolçu Bakı-2015-in çimərlik futbolu turnirinin püşkatma mərasimində iştirak edib.
Kristian Karambö qrupların tərkibinin müəyyənləşməsində iştirak edib. "Real"ın sabiq üzvü püşkatmada tək olmayıb. Onunla yanaşı, püşkatmada "Real" və "Barselona"nın sabiq üzvü, millimizin baş məşqçisi Robert Prosineçki də iştirak edib.
Qeyd edək ki, Fransa millisində 53 oyuna 1 qol vuran Karambö 2000-ci ildə Avropa çempionu, 2001-ci ildə Konfederasiyalar Kubokunun qalibi olub. 1997-2000-ci illərdə "Real"ın formasını geyinən fransız futbolçu 1998 və 2000-ci illərdə Çempionlar Liqasının qalibi olub. O, həmçinin Fransanın "Bastiya", "Nant", İtaliyanın "Sampdoriya", İngiltərənin "Midlsbro", Yunanıstanın "Olimpiakos" və İsveçrənin "Servett" klublarında çıхış edib.
Fanat.az