"Qəbələ"dən yeni rekordlar

"Qəbələ"dən yeni rekordlar

Topaz Premyer Liqasının XXX turunun “Neftçi” ilə səfər oyunu “Qəbələ” üçün rekordlarla əlamətdar olub. Fanat.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Bakcell Arena”dakı qarşılaşmada 3:1 hesabı ilə qalib gələn “qırmızı-qaralar” mövsümə, kluba və futbolçularına məxsus rekordları yeniləyib.

Ardıcıl 7 qələbə

“Qəbələ” həm özünün, həm də mövsümün rekorduna imza atıb. Belə ki, “qırmızı-qaralar” ardıcıl 7-ci çempionat qarşılaşmasında meydanı 3 xalla tərk edib. Bu isə ötən tur seriyanı 6-ya çatdırmaqla tarixinin rekordunu müəyyənləşdirən komandamız üçün yeni nailiyyətdir. Sonuncu dəfə fevralın 15-də “Neftçi” ilə ev oyununda (1:3) xal itirən Roman Qriqorçukun yetirmələri bakılılara məğlubiyyətin əvəzini eyni hesabla çıxıb. Artıq 61 gündür xal itirməyən “Qəbələ” bu müddətdə “Neftçi”yədək “Xəzər Lənkəran”ı 3:1, “Qarabağ”ı 1:0, “Sumqayıt”ı 2:0, “İnter”i 2:1, AZAL-ı 4:0, “Simurq”u 1:0 hesabı ilə məğlub edib. Bu isə mövsümün yeni rekordudur. Topaz Premyer Liqasının 2014/15 mövsümündə daha çox ardıcıl qələbə qazanan olmayıb.

Səfərdə 7-ci zəfər

Mövsümün 14-cü səfər oyununa çıxan “Qəbələ” rəqib meydanlarında da 7-ci dəfə qalib gəlib. Bu nəticə də klub tarixinin ötən mövsümə təsadüf edən rekordun astanasındadır. 2013/14 mövsümündə 18 səfər matçında 7 qələbə qazanılmışdı. Rəqib meydanında əldə olunacaq növbəti 3 xal rekordun təkrarlanması ilə nəticələnəcək. Mövsümün sonunadək isə “qırmızı-qaralar” 2 dəfə səfərə çıxacaq.

45-ci uğur

“Neftçi” üzərində qələbə rəqib meydanlarında qazanılan 45-ci uğur olub Premyer Liqada 134-cü səfər matçına çıxan “Qəbələ”nin hesabında 33 heç-heçə və 56 məğlubiyyət də var. Bu matçlarda 143 qol vuran komanda 177 top buraxıb. 

Hüseynov 10-un astanasında

“Neftçi” ilə qarşılaşmada sonuncu qolun müəllifi olan Viktor Mendi klub tarixinin ən məhsuldar futbolçusuna məxsus rekordlarını yeniləyib. Seneqallı hücumçu “Qəbələ”də 31-ci, Premyer Liqada 27-ci dəfə fərqlənib. 

Matçda 2-ci qola imza atan Cavid Hüseynov isə şəxsi rekordunu yeniləyib. Karyerası ərzində bir mövsümə ən çox – 9 qol vurmağa müvəffəq olan yarımmüdafiəçi həm də “Qəbələ”nin tarixində 2-ci nəticəyə şərik olub. Belə ki, indiyədək yalnız Daniel Subotiç bir mövsümdə daha çox qol vurub. O, 2013/14 mövsümündə 12 dəfə fərqlənib. Çempionatın sonuna 5 oyun qaldığından Hüseynov bu rekorda da çatmaq imkanına malikdi. 

Cavid kimi daha 3 oyunçu mövsümü 9 qolla bitirib. 2010/11 mövsümündə Deon Barton, 2011/12 mövsümündə isə Dodo ilə Yannik Kamanan da 9 dəfə fərqlənmişdi.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər