"Qəbələ" 4 ildi uduzmur

"Qəbələ" 4 ildi uduzmur

Azərbaycan Kubokunda mübarizə əsas mərhələyə qədəm qoyur. Məhz 1/4 final mərhələsindən baslayaraq qalib 1 deyil, 2 oyunun nəticəsinə əsasən müəyyənləşir. “Qəbələ”nin bu mərhələdə rəqibi “Simurq” olacaq.

Davam edən ənənə

Püşkə əsasən Zaqatala təmsilçisi ilə ilk oyun martın 4-də evdə olacaq. Bununla da özünəməxsus ənənə davam edəcək. Belə ki, "Qəbələ" kubokda ardıcıl 5-ci mövsümdü bu mərhələdə ilk matçını öz meydanında keçirəcək. “Qəbələ” yarımfinala vəsiqə qazanarsa, birinci oyunu bu dəfə rəqib meydanında keçirəcək. Rəqib “Qarabağ” - “Bakı” matçında müəyyənləşəcək.

“Simurq”la uğurlu ilk sınaq

“Qəbələ” 2005/06 mövsümündən çıxış etdiyi ölkə kubokunda indiyədək 38 rəqiblə üz-üzə gəlib. “Simurq”la yollar bir dəfə kəsişib. Həmin duel 2007/08 təsadüf edib və "Qəbələ" üçün uğurlu olub. Onda ilk oyunda 1:0 hesabı ilə qalib gələn "qırmızı-qaralar" Zaqatalada keçirilən cavab matçında 1:2 hesabı ilə uduzsa da, səfərdə vurulan qolla 1/4-ə çıxıb. Yeri gəlmişkən, onda komanda ilk dəfə bu mərhələnin iştirakçısı olub.

Kubokda 4 illik məğlubiyyətsiz seriya

“Qırmızı-qaralar” ölkə kubokunda 41-ci matçına çıxacaq. Bu turnirdə komandanın hesabında 20 qələbə, 11 heç-heçə və 9 məğlubiyyət var. Ötən mövsüm tarixində ilk dəfə finala çıxan “Qəbələ” “Neftçi”yə yalnız matç sonrası penaltilər seriyasında yenilib. Bunu nəzərə almasaq, "Qəbələ"nin kubokda 12 matçlıq məğlubiyyətsiz seriyası var. Həmin uğurlu seriya 2010/11 mövsümündə, həm də məhz 1/4 final mərhələsindən başlayıb. “Qəbələ” 2011-ci il martın 8-də “Bakı”ya səfərdəki cavab matçında 0:1 hesabı ilə uduzduqdan sonra kubokda artıq 4 ildi oyunda məğlub olmur.

Komanda bu mövsüm kubokda mübarizəyə böyük hesablı qələbə ilə başlayıb. Belə ki, “Qəbələ” 1/8 finalda I divizion təmsilçisi “Ağsu”nu 3:0 hesabı ilə məğlub edib.

Qriqorçuk 7-ci mütəxəssis olacaq

Bu il kubokda ilk oyun ukraynalı baş məşqçi Roman Qriqorçuk üçün əlamətdar olacaq. Belə ki, 50 yaşlı çalışdırıcı Azərbaycan kubokunda debüt edəcək. Qriqorçuk sabiq çalışdırıcılar Faiq Cabbarov, Ramiz Məmmədov, ingiltərəli Toni Adams, türkiyəli Fatih Kavlak, rusiyalı Yuri Syomin və rumıniyalı Dorinel Muntyanudan sonra Azərbaycan kubokunda debüt edən 7-ci mütəxəssis olacaq.

Ukraynalı çalışdırıcı məşqçilik karyerasında kubok qazana bilib. Qriqorçuk bu uğura 2 dəfə - 2005 və 2007-ci illərdə Latviyada “Ventspils” klubunu çalışdırdığı dövrdə nail olub. Qriqorçuk bu ölkənin digər təmsilçisi “Dinaburq”un baş məşqçisi olduğu zaman isə 2001-ci ildə kubokun finalçısı olub. O, “Qəbələ”yə gələnədək vətənində rəhbərlik etdiyi “Çernomorets”lə də ölkə kubokunun finalınadək irəliləyib. Ancaq 2012/13 mövsümünün həlledici matçında “Şaxtyor”a 0:3 hesabı ilə uduzan Odessa təmsilçisi titul qazana bilməyib. Ancaq buna baxmayaraq, “Şaxtyor” həmin mövsümün çempionu olduğundan, Qriqorçukun komandası Avropa Liqasına vəsiqə qazanıb.

"Qəbələ İK" qəzeti

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər