"Əsas heyətimizin 4-5 futbolçusunun çıxış etməməsinə baxmayaraq, "Bakı" ilə oyun bərabər səviyyədə keçdi. Nəticəyə gəldikdə, sadəcə bəxtimiz gətirmədi. Elə təkcə mənim bu matçda bir neçə dəfə qol vurmaq imkanım oldu. Təəssüf ki, bu vəziyyətlərdə yararlana bilmədim. Rəqib isə əksinə, əlinə düşən fürsətlərdən maksimum istifadə etdi". Fanat.az xəbər verir ki, bu sözləri "Neftçi"nin hücumçusu Melvin Platye deyib.
Paytaxt klubunun uğursuz transferi azarkeşlərdən üzr istəyib: "Əlbəttə, heç kim istəməzdi ki, belə olsun. Həmin vəziyyətləri boşa verməsəydim nəticə fərqli ola bilərdi. Bu səbəbdən də azarkeşlərimizdən üzr istəyirəm. Başa düşürəm ki, hücumçu kimi vəzifəm qol vurmaqdı və gələcək oyunlarda bu uğursuzluğu unutduracağam".
Platye çempionluqdan da danışıb: "Bizi yalnız qızıl medallar qane edir. Çempionluq üçün əlimizdən gələni edəcəyik. İnanıram ki, azarkeşlərimizin də dəstəyi ilə bunun öhdəsindən gələ biləcəyik. “İnter”lə oyunda da sadiq “Neftçi” azarkeşlərini stadiona dəvət edirik".
Qeyd edək ki, "Bakı" ilə oyunda qol epizodlarını boşa verən holland futbolçu bacarıqsızlığı ilə Rəşad Sadiqovu özündən çıxarıb. Hətta kapitan etirazını sərt şəkildə Böyükağa Hacıyevə də bildirib. Bundan sonra baş məşqçi Platyeni Bahodir Nasimovla əvəzləyib.
Fanat.az