"Neftçi" və "Xəzər Lənkəran" arasında söz davası

"Neftçi" və "Xəzər Lənkəran" arasında söz davası
"Neftçi" - "Fənərbaxça" oyununu şərh edən spikerin və Türkiyə klubunun qapıçısı Volkan Dəmirəlin fikirləri qalmaqala səbəb olub. Həm spiker, həm də qapıçı "Neftçi"nin "Xəzər Lənkəran"dan daha güclü olduğunu bildirib. Bu açıqlamalar isə "Xəzər Lənkəran"ın mətbuat katibi Hüseyn Cəbrayıloğlu və "Neftçi"nin Mətbuat və İctimaiyyələ Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadə arasında gərginlik yaradıb.
Hüseyn Cəbrayıloğlu "Facebook" səhifəsində bu sözləri yazıb: "Fənərbaxça" - "Neftçi" oyununda spikerin nə dediyi mənim üçün önəmli deyil. Ki, ayağı top tutmayan "Fənərbaxça"nın rəqibini spiker istənilən halda öyməli idi. Əsas məqam, heç kəs unutmasın ki, "Xəzər Lənkəran" əzəli rəqibi kimi istirahətdən gəlib oyuna çıxmamışdı. Malta, ordan "Makkabi" ilə səfər oyunu, ordan Lənkərana və meydana çıxan oyunçuların iki gün sonra "Makkabi" ilə cavab oyunu düşüncəsi... Oyun "stavka"ya qoyulmuşdu deyən "Fənər"li tərəfdarların söyləntilərinə rəğmən "Neftçi" yaxşı oynadı".
"Xəzər Lənkəran" rəsmisinin fikirlərinə Gündüz Abbaszadə də "Facebook"dan cavab verib: "Əziz dostum Huseyn. Dünən qapıçı Volkanın, türkiyəli şərhçinin dedikləri səni niyə qıcıqlandırıb? Deyəsən, sarı simdən vurublar, qardaş. Biz Azərbaycanı və vətənimizə aid nə varsa onu sevən insanlarıq, əziz dost. Biz "Xəzər Lənkəran" "Fənərbaxça"dan 4 cavabsız top buraxanda məyus olmuşduq. Bizim üçün Azərbaycan komandalarının uğuru sevincimiz, məğlubiyyəti isə məyusluğumuzdur. Azərbaycan adı gələndə 20 ilə yaxındır (!) ki, azarkeşlik etdiyim "Fənərbaxça" da vız gəlir. And olsun Allaha ki, bu belədir. Təəssüf ki, Volkanın, türkiyəli şərhçinin "Neftçi"yə verdiyi layiqli qiymət səni bu qədər qıcıqlandırıb və bir futbol adamına, futbolu bilən dostumuza yaraşmayan status yazmağa vadar edib. Bunu isə bəzi dostlarımız mətbuat səhifəsinə daşıyıblar. Deyirsən ki, istirahətdən gəlmişdi komanda. Əziz qardaş, futbolu bilən istənilən adamdan soruşa bilərsən. Təlim-məşq toplanışının 6-cı günündə komanda tam hazır olmur. Bununla belə, dünən "Neftçi" əlindən-ayağından gələni etdi ki, uduzmasın. Əksinə, "Xəzər Lənkəran" "Fənər"in qarşısına çıxanda tam hazır vəziyyətdə idi. Bir də ki, "Xəzər Lənkəran"ın avrokubok oyunları arası "Fənər"lə oyun salması kimin istəyi idi? Biz nə oyundan əvvəl, nə də fasilədə rəqibin soyunub-geyinmə otağına xəbər yollamadıq ki, imkanınız varsa, az qol vurun. Heç sizin də bu istəyiniz olduğunu iddia etmirəm. Amma, əziz qardaş bu bir qardaşlıq və hazırlıq oyunu idi. Hazırlıqlarımız isə davam edir. Həm sizin, həm də bizim. İnşAllah ikinci dövrədə görüşərik".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər