Dünən "İnter" Azarkeş Klubunun növbəti iclası keçirilib. Fanat.az xəbər verir ki, görüşdə azarkeş klubunun prezidenti Ruslan Muradov və rayon şöbələrinin rəhbərləri, eləcə də klubun bəzi üzvləri iştirak ediblər.
Muradov ötən 4 tur çərçivəsində keçirilən oyunlarda Azarkeş Klubunun gördüyü işlər barədə qısa məlumat verdi və qarşıdakı oyunlarda həyata keçiriləcək fəal dəstək tədbirləri haqqında danışıb. Azarkeş Klubunun prezidenti "İnter" komandasının son turda əldə etdiyi qələbənin bütün azarkeşlər tərəfindən böyük ruh yüksəkliyilə qəbul edildiyini vurğulayıb və belə qələbələrin sayının hər tur artacağına ümidvar olduğunu bildirib.
Görüşdə Azərbaycan Premyer Liqasının 5-ci turu çərçivəsində keçiriləcək "İnter"-"Simurq" qarşılaşmasına hazırlıq məsələləri də müzakirə olunub. Komandanın dəstəklənməsində yeniliklərə müraciət edilməsinin əhəmiyyəti vurğulanıb.
İclasda son zamanlar müxtəlif azarkeş klubları arasında yaranmış vəziyyət də müzakirə olunub. Klub üzvləri müxtəlif azarkeş klubları arasında mehriban dostluq əlaqələrinin yaradılmasının Azərbaycan futbolunun inkişafında mühüm rol oynadığını və "İnter" Azarkeş Klubunun bu məsələdə üzərinə düşən öhdəlikləri yerinə yetirməkdə davam edəcəyini qeyd ediblər.
Görüşün sonunda komandanın ev oyunlarında olduğu kimi, səfər oyunlarında da dəstəklənməsinin vacibliyi önə çəkilib. Klub üzvləri "İnter" Azarkeş Klubu komandasını həmişə səfər oyunlarında dəstəklədiyini və bundan sonra da dəstəkləməkdə davam edəcəyini bildiriblər.