Futzal üzrə Ukrayna yığması Bakıda keçiriləcək Avropa çempionatının seçmə qrup mərhələsinə hazırlıqlara start verib. Fanat.az xəbər verir ki, beş gün davam edəcək təlim-məşq toplanışına baş məşqçi Aleksandr Kosenko 15 futzalçını dəvət edib.
Qapıçılar: Yevgeni İvanyak, Dmitri Litvinenko (hər ikisi "Lokomotiv", Xarkov), Yuri Savenko (LTK, Luqansk)
Meydan oyunçuları: Nikolay Belotserkovets, Dmtri Sorokin, Denis Ovsyannikov, Sergey Jurba, Dmitri Bondar, Aleksandr, Sorokin, Yevgeni Roqaçyov (hamısı "Lokomotiv", Xarkov), Yevgeni Valenko ("Fənər", Azərbaycan), Aleksey Fetko, Dmitri Kalukov ("Sportlider+", Xmelnitski), Roman Kordoba ("Energiya", Lvov), Vladimir Razuvanov ("Spartak", Rusiya).
Ukrayna mətbuatına müsahibə veeən baş məşqçi Aleksandr Kosenko təlim-məşq toplanışındakı planlarından danışıb: "Mütləq standartlar üzərində çalışacağıq. Qapıçını dəyişərək meydan oyunçusunu buraxmaq və əksinə heyətlərlə də məşq edəcəyik. Nəzəri məşqlərdə rəqiblərimizin oyunlarını seyr edib, lazımı təlimatlarımızı verəcəyik, onların müxtəlif vəziyyətlərdə hansı addımlar atdığına nəzər yetirəcəyik. Danimarka yığmasına barmaqarası yanaşmaq olmaz. Skandinaviyalıların heyətində ucaboy, topla yaxşı rəftar etməyi bacaran oyunçular cəmləşib. Onlara qarşı turnirdə keçirəcəyimiz ilk görüşümüzə tam məsuliyyətlə hazırlaşacağıq. Bu oyuna elə vəziyyətdə gəlib çıxmalıyıq ki, hər bir oyunçu turnirdəki hər qarşılaşmanın mahiyyətini dərk etsin. Bu cür qısa turnirlərdə hər itirlimiş xal həlledici olur. Buna görə də maksimum nəticə əldə etməliyik".
Qeyd edək ki, martın 18-dən 21-dək keçiriləcək turnirdə millimiz və ukraynalılarla yanaşı, Belçika və Danimarka yığmaları da iştirak edəcək.
Fanat.az