Bu gün "Bakı-2015" I Avropa Oyunlarında gimnastikası üzrə yarışlarda ilk mükafatçılar müəyyənləşəcək. Fanat.az xəbər verir ki, Milli Gimnastika Arenasındakı yarışların 2-ci günündə qadın komandaların yarışına yekun vurulub.
4 hərəkətin cəmində 116,897 xal toplayan Rusiya millisi Avropa Oyunlarının qızıl medallarını qazanıb. Almaniya (110,397) 2-ci, Hollandiya (110,099) 3-cü pilləni tutub.
Marina Nekrasova, Kristina Pravdina və Yuliya İnşinadan ibarət Azərbaycan millisi 99,130 xal yığıb. Komandamız 25 yığma arasında 13-cü olub.
Komanda yarışları ilə paralel olaraq, fərdi çoxnövçülükdə təsnifat yarışları da keçirilib. Bu yarışda ilk “üçlük”də Rusiya təmsilçiləri qərarlaşıb. Aliyə Mustafina komanda yoldaşlarını da qabaqlayıb - 58,865 xal. Onun həmyerlilərindən Seda Tutxalyan (57,332) 2-ci, Viktoriya Komova (56,965) 3-cü yeri tutub.
Azərbaycan təmsilçilərindən ən ayxşı nəticəni Nekrasova göstərib. 50,532 xal toplayan idmançımız 34-cü olub. Yuliya İnşina 47,632 xala 48-ci yeri tutub. Kristina Pravdina ilk iki hərəkətdən sonra 22,932 xal toplasa da, mübarizəni davam etdirməyib. Buna onun yarışın ilk günündə zədələnməsi səbəb olub.
Fanat.az