Bu gün "Bakı-2015" I Avropa Oyunlarının atıcılıq yarışlarına start verilib. Fanat.az xəbər verir ki, Bakı Atıcılıq Mərkəzində 4 növ üzrə yarışlar keçirilib.
10 metrdən hava tüfəngi ilə atəş açmaqda həm kişilər, həm qadınlar mübarizə aparıb. Bu növdə əvvəl təsnifat, sonra yarımfinal mərhələsində qüvvəsini sınayan snayperlər mükafatçıların adlarına aydınlıq gətirib. Bu yarışlarda Azərbaycan idmançıları iştirak etməyib.
Günün daha bir medal dəsti qadınların səngər stendində müəyyənləşib. Burda yeganə təmsilçimiz Alina Rəfixanova olub. Cəmi 47 xal toplayan idmançımız 20 iştirakçı arasında sonuncu yeri tutub. Yarımfinala yüksələ bilməyən atıcımız çıxışını başa vurub.
Kişilərin səngər stendi yarışlarında isə 1-ci təsnifat mərhələsi baş tutub. Bu yarışda ölkəmizi Elvin İsmayılov və Əlimirzə Quliyev təmsil edib. Sonuncu 69 xalla 27-ci pillədə qərarlaşıb. İsmayılov isə 68 xalla 31-ci yerdədi. Təmsilçilərimiz sabah 2-ci təsnifat mərhələsində də qüvvəsini sınayacaq.
Qadınlar arasında 10 metrdən hava tüfəngi ilə atəş
I yer: Andrea Arsoviç (Serbiya)
II yer: Sarah Hornunq (İsveçrə)
III yer: Barbara Engleder (Almaniya)
Kişilər arasında 10 metrdən hava tüfəngi ilə atəş
I yer: Vitali Bubnoviç (Belarus)
II yer: Nikkolo Kampriani (İtaliya)
III yer: Sergey Riçter (İsrail)
Qadınlar arasında Səngər stendi
I yer: Fatima Qalvez (İspaniya)
II yer: Arianna Perilli (San Marino)
III yer: Elena Tkax (Rusiya)
Fanat.az