Bu gün "Bakı-2015" I Avropa Oyunlarının atıcılıq yarışları davam edir. Fanat.az xəbər verir ki, Bakı Atıcılıq Mərkəzində 3 növdə yarışlar keçirilib.
Həm kişilər, həm qadınlar 10 metrdən pnevmatik tapançadan atəş açmaqda, həmçinin kişilər səngər stendində qüvvəsini sınayıb. Hər 3 növdə əvvəl təsnifat mərhələsində çıxış edən idmançılar ardından mükafatçıları müəyyənləşdirib.
Bu gün keçirilən yarışlarda çıxış edən Azərbaycan təmsilçiləri üçün mübarizə erkən birib. Belə ki, hər növdə 2 snayperimiz çıxış etsə də, onlardan heç biri finala adlaya bilməyib.
Qadınların 10 metrdən pnevmatik tapança ilə atəş açmaq yarışlarında Azərbaycanı iki snayper təmsil edib. Lakin İradə Aşumova və Nərminə Səmədovanın çıxışı uğursuz alınıb. Belə ki, hər iki snayperimiz təsnifat mərhələsində mübarizəni dayandırıb. 36 idmançının qatıldığı mərhələdə Aşumova 273 xalla 26-cı, Səmədova 360 xalla 35-ci yeri tutub. Final mərhələsinə yalnız ilk 8 yerin sahibi yüksəlib.
Qadınlar arasında 10 metrdən hava tapançası ilə atəş
I yer: Zorana Arunoviç (Serbiya).
II yer: Sonia Franquet (İspaniya)
III yer: Viktoriya Çayka (Belarus).
Kişilərin səngər stendində 2-ci təsnifat mərhələsi keçirilib. Ölkəmizi təmsil edən Elvin İsmayılov və Əlimirzə Quliyev yarışda uğursuz çıxış edib. 1-ci təsnifat mərhələsində 69 xalla 27-ci olan Quliyev yekun siyahıda 107 xalla sonuncu - 32-ci olub. İlk təsnifatı 68 xalla 31-ci tamamlayan İsmayılov isə 109 xal toplayaraq, mövqeyində qalıb. Final mərhələsinə 6 ən yaxşı snayper yüksəldiyindən təmsilçilərimiz çıxışını başa dayandırmalı olub.
Kişilər arasında Səngər stendi
I yer: Aleksey Alipov (Rusiya).
II yer: Erik Varqa (Slovakiya).
III yer: Covanni Pellielo (İtaliya).
Kişilərin 10 metrdən pnevmatik tapança ilə atəş açmaq yarışlarında Ruslan Lunyov və Rəsul Məmmədov da hədəfə düşə bilməyib. Lunyov 574 xalla 19-cu olub. O, finala vəsiqə verən 8-ci pillədən 5 xal geri qalıb. 33 idmançı arasında 32-ci olan Məmmədov isə 552 xal toplayıb.
Kişilər arasında 10 metrdən hava tapançası ilə atəş
I yer: Damir Mikeç (Serbiya).
II yer: Joao Kosta (Portuqaliya).
III yer: Juraj Tuzinski (Slovakiya).
Fanat.az