"Bakı-2015": Sərbəst güləşçilərimiz 6 medal qazandı - YENİLƏNİB

"Bakı-2015": Sərbəst güləşçilərimiz 6 medal qazandı - YENİLƏNİB
"Bakı-2015" I Avropa Oyunlarında sərbəst güləş yarışları başa çatıb. Fanat.az xəbə verir ki, baş tutan 4 çəki ilə pəhləvanların mübarizəsi də yekunlaşıb.
İlk gündə 2 qızıl və 1 bürünc medal qazanan sərbəst güləşçilərimiz daha 3 mükafata sahib olublar. Komandamızın heyətində Hacı Əliyev, Ruslan Dibirhacıyev və Camaləddin Maqomedov fəxri kürsünün üçüncü pilləsinə qalxıblar.
 
Güləş
Kişilər, sərbəst
61 kq
Avropa Oyunlarını 5-ci pillədə başa vuran və 1/4 finalda erməni Qarik Barsekyanı məğlub edən Yaşar Əliyevin ardınca qardaşı Hacı Əliyev də işğalçı ölkənin təmsilçisi ilə qarşılaşıb. Avropa və dünya çempionumuz ilk cəhdindəcə Valodiya Franqulyanla münasibətinə aydınlıq gətirib və o da qardaşı kimi erməniyə öz gücünü göstərib. 1/8 final mərhələsinə təsadüf edən görüşdə Hacı Valodiyanı 7:0 hesabı ilə darmadağın edib. Əliyev 1/4 finalda Mikola Bolotnyukla (Slovakiya) güləşib. Dünya çempionumuz bu dəfə də xalçadan qalib ayrılıb. O, Bolotnyuku 11:0 hesabı ilə məğlub edib. Həmyerlimiz finala gedən yolda Aleksandr Boqomoyevlə (Rusiya) üz-üzə gəlib. O, təcrübəli rəqib qarşısında ilk xalı qazansa da, qələbəni rəqib bayram edib - 5:2. Məğlubiyyətə baxmayaraq, Əliyev bürünc medal uğrunda mübarizəni davam etdirib. Recep Aktaş Minurla (Türkiyə) qarşılaşan həmyerlimiz rəqibinə heç bir şans verməyib (10:2) və Avropa Oyunlarını 3-cü yerdə bitirib. Bununla, yığmamızın hesabındakı medalların sayı 24-ə çatıb.
 
70 kq
Avropa çempionumuz Ruslan Dibirhacıyev Avropa Oyunlarına 1/8 finaldan qatılıb. 27 yaşlı güləşçimiz bu mərhələdə Maqomedmurad Hacıyevlə (Polşa) döyüşüb. O, hesabda 2:0 hesabı ilə öndə olsa da, 2:7 hesabı ilə uduzub. Hacıyev həlledici mərhələyə vəsiqə qazandığından, Dibirhacıyev təsəlliverici qarşılaşmalara qatılıb. O, öncə bolqarıstanlı Miroslav Kirovla gücünü yoxlayıb. Görüşü 4:1 hesabı ilə xeyrinə bitirən idmançımız növbəti qarşılaşmada Zsombor Qulyasla (Macarıstan) üz-üzə gəlib və bu döyüşü də xeyrinə bitirib - 4:3. Dibirhacıyev bürünc medal uğrunda Davit Tlaşadze (Gürcüstan) ilə mübarizə aparıb və yarışı qələbə ilə bitirib. Rəqibini 6:2 hesabı ilə məğlub edən güləşçimiz fəxri kürsünün üçüncü pilləsinə qalxıb. Bu medal Oyunlardakı 25-ci mükafatımız olub.
 
86 kq
Ölkəmizi bu çəkidə təmsil edən Nurmaqomed Hacıyev mübarizəyə 1/8 finaldan başlayıb. 19 yaşlı güləşçimiz ilk cəhdində bolqarıstanlı Georgi Sredkovla üz-üzə gəlib. Təmsilçimiz startda hesabda geri düşsə də, yekunda layiqli qələbə qazanıb - 14:2. Lakin o bu uğurun ardını gətirə bilməyib və 1/4 finalda Abdulrəşid Sadulayevə (Rusiya) 1:11 hesabı ilə uduzub. Buna baxmayaraq, rusiyalı güləşçi finala vəsiqə qazandığından Nurmaqomed təsəlliverici görüşlərə qatılıb. Təmsilçimiz bu mərhələdə Vasile Zuz Tudorla (İtaliya) qüvvəsini sınayıb və rəqibini ilk hissədəcə məğlub edib - 10:0. O, 3-cü yer uğrunda görüşdə polşalı Radoslav Marcinkyeviczlə gücünü yoxlayıb. 19 yaşlı Hacıyev 3:0 hesabı ilə öndə olsa da, 3:5 hesabı ilə uduzub. Nəticədə o, yarışı 5-ci pillədə bitirib.
 
125 kq
Avropa və dünya çempionatının mükafatçısı Camaləddin Maqomedov ilk görüşünü Yonas Rudaviçiusa (Litva) qarşı keçirib. Güləşçimiz döyüşün taleyini ilk hissədəcə həll edib. Rəqibi üzərində təmiz qələbə qazanan (10:0) Maqomedov 1/8 finalda türkiyəli Taha Akgüllə qarşılaşıb. Təəssüf ki, görüşdən rəqib üstün ayrılıb - 5:2. Akgül finalda iştirak hüququ qazandığından Maqomedov təsəlliverici görüşlərə qatılıb. Robert Baranla (Polşa) güləşən Camaləddin təmiz qələbə (11:0) sayəsində mərhələ adlayıb. O, bürünc medal uğrunda slovakiyalı Soslan Qaqloyevlə qarşılaşıb və son görüşünü qələbə ilə başa vurub. Maqomedov rəqibini 7:2 hesabı ilə məğlub edərək, bürünc medala yiyələnib. Bu medal yığmamızın 27-ci mükafatı olub.
 
Qeyd edək ki, sərbəst güləş yarışlarının ilk günündə Toğrul Əsgərovla (66 kq) Xetaq Qazyumov (97 kq) qızıl, Cəbrayıl Həsənov (74 kq) isə bürünc medal qazanıb. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər