"Bakı-2015": Qadın güləşçilərimiz 2 "qızıl", 1 "bürünc" qazandı - YENİLƏNİB

"Bakı-2015": Qadın güləşçilərimiz 2 "qızıl", 1 "bürünc" qazandı - YENİLƏNİB
Bu gün "Bakı-2015" I Avropa Oyunlarında qadın güləşçilərin mübarizəsinə yekun vurulacaq. Fanat.az xəbər verir ki, yarışın son günündə daha 4 dəst medalın sahibi bilinəcək.
Artıq Azərbaycanın qadın güləşçiləri üçün yarış başa çatıb. Yığmamız son gündə bir qızıl medal qazanıb. 53 kq çəki dərəcəsində yarışan Anjela Doroqan bütün rəqiblərini yenərək qızıl medala sahib çıхıb. 
Ötən gün Mariya Stadnik (48 kq) qızıl, Natalya Sinişin (55 kq) isə bürünc medal qazanmışdı.
 
Qadınlar
53 kq
Bu çəkidə ölkəmizi təmsil edən Anjela Doroqan yarışa 1/8 finaldan qoşulub. İlk döyüşündə türkiyəli Merve Kengerlə üz-üzə gələn idmançımız rəqibini məğlub etməkdə çətinlik çəkməyib - 8:2. O, 1/4 finalda Mersedes Denislə (Macarıstan) üz-üzə gəlib və bu qarşılaşmanı da üstün bitirib - 4:0. Anjela finala gedən yolda rumıniyalı Natalya Budunu xalçaya dəvət edib və 7:2 hesablı qələbə ilə adını finala yazdırıb.O, finalda polşalı Roksana Zasina ilə münasibətlərinə aydınlıq gətirib. Rəqibini 3:1 hesabı ilə yenən idmançımız ölkəmizə 8-ci "qızıl"ı qazandırıb.
Qızıl: Anjela Doroqan (Azərbaycan)
Gümüş: Roksana Zasina (Polşa).
Bürünc: Merve Kenger (Türkiyə), Nadejda Şuşko (Belarus).
58 kq
İrina Netraba yarışa ilkin mərhələdən start verib. Avropa çempionatının finalçısı Karola Raynero (İtaliya) ilə gücünü yoxlayıb. Həmyerlimiz 2 dəfə hesabda geri düşməsinə baxmayaraq, yekunda inamlı qələbə qazanıb - 8:4. O, 1/8 finalda Mimi Xristova (Bolqarıstan) ilə güləşib. Bu qarşılaşma da birincinin ssenarisi ilə davam edib. İlk hissədə 2:4 hesabı ilə geridə olan İrina yekunda rəqibini 6:4 hesabı ilə məğlub edib. O, yarımfinalda macarıstanlı Emese Barkanı sınağa çəkib. Netraba fasiləyə yenə hesabda geri yollanıb (0:3). Lakin o ikinci hissənin startında fərqi minimuma endirsə də, döyüşün axarını dəyişə bilməyib - 2:5. Buna baxmayaraq, İrina bürünc medal uğrunda çıxışını davam etdirib. Norveçli Qrase Bullinlə gücünü yoxlayan güləşçimiz bu dəfə də məğlubiyyətdən qaça bilməyib və Oyunları mükafatsız tərk edib.
Qızıl: Emese Barka (Macarıstan).
Gümüş: Tatyana Levrençuk (Ukrayna).
Bürünc: Qrase Bullin (Norveç), Elif Jale Yeşilirmak (Türkiyə)
 
63 kq
Yığmamızın üzvü Elmira Qəmbərova birinci görüşünü Henna Yohanssona (İsveç) qarşı keçirib. 21 yaşlı idmançımız startdaca məğlubiyyətə üzülüb. 4:0 hesabı ilə qalib gələn Yohansson finala yüksələ bilmədiyindən, Qəmbərova təsəlliverici görüşlərə də qatıla bilməyib.
Qızıl: Valeriya Lajınskaya (Rusiya).
Gümüş: Yuliya Tkax (Ukrayna).
Bürünc: Maryia Mamaşuk (Belarus), Anastasiya Qriqoryeva (Latviya).
 
75 kq
Yığmamızın liderlərində olan Gözəl Zutova ilk cəhddəcə məğlubiyyət acısı yaşayıb. Startda güclü Oksana Vaşçukla (Ukrayna) üz-üzə gələn həmyerlimiz 2:4 hesabı ilə uduzub. Ukraynalı güləşçi isə finala çıxa bilmədiyindən Zutova Oyunlara erkən vida edib.
Qızıl: Vasilisa Marjaluik (Belarus).
Gümüş: Yekaterina Bukina (Rusiya).
Bürünc: Mayder Unda Qonzales (İspaniya), Svetlana Saenko (Moldova).
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər