Bu gün "Bakı-2015" I Avropa Oyunlarında kamandan oxatma yarışlarına start verilib. Fanat.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda 5 növdə yarışlar keçirilib.
Kişilər və qadınlar fərdi yarışların reytinq mərhələsində qüvvəsini sınayıb. Azərbaycan kişilərin yarışında 3 idmançı - Aleksey Kopnin, Roman Vengerov və Taras Senyuk təmsil olunub. Reytinq mərhələsində Senyuk 328 xalla 45-ci, Kopnin 314 xalla 50-ci, Vemgerov 301 xalla 57-ci yeri tutub. İyunun 20-də keçiriləcək 1/32 finalda Vengerov fransalı Lukas Daniellə, Senyuk lüksemburqlu Ceff Henkellə, Kopnin isə rusiyalı Bair Tsibekdorjiyevlə qarşılaşacaq.
Kişilərin komanda yarışlarında reytinq mərhələsi başa çatıb. 1893 xal toplayan Azərbaycan millisi 13 komanda arasında 12-ci olub. Yığmamız bu gün başlayan 1/8 finalda İtaliya ilə qarşılaşacaq. Millimizin görüşü sabah saat 11:15-də start götürəcək.
Qadınların yarısında təmsilçilərimiz arasında ən yaxşı nəticəni Olqa Senyuk göstərib. O, 309 xalla 34-cü olub. Nurlana Vəliyeva 300 xalla 60-cı, Yaylagül Ramazanova 295 xalla 61-ci yeri tutub. İyunun 19-da baş tutacaq 1/32 finalda hər üç idmançımız çıxış edəcək.
Komanda hesabında reytinq mərhələsində 1795 xal toplayan millimiz 16 komanda arasında sonuncu olub. Buna baxmayaraq, komandamız 1/8 finalda çıxış edəcək. Bu gün start götürən mərhələnin sabah baş tutacaq duelində millimiz Almaniya ilə qarşılaşacaq.
Qarışıq komanda yarışlarının reytinq mərhələsində 1270 xal toplayan millimiz 29 iştirakçı arasında 19-cu olub. Yığmamız sabah 1/8 finalda İtaliya ilə qarşılaşacaq. Görüş saat 15:28-sə başlayacaq.
Fanat.az