"Bakı-2015": Karateçilərimiz 2 "qızıl", 2 "bürünc" qazandı - YENİLƏNİB

"Bakı-2015": Karateçilərimiz 2 "qızıl", 2 "bürünc" qazandı - YENİLƏNİB

Bu gün "Bakı-2015" I Avropa Oyunlarında karateçilər mübarizəyə başlayıb. Fanat.az xəbər verir ki, “Kristal Zal”da təşkil ediləcək ilk yarış günündə 6 dəst medal öz sahibini tapıb. Kumite növü üzrə baş tutacaq çəki dərəcələrinin hamısında Azərbaycan təmsil olunub.

Karateçilərimiz uğurlu çıхış edərək 4 medal qazanıblar. Belə ki, Firdovsi Fərzəliyevlə Rafael Ağayev qızıl, Niyazi Əliyevlə İlahə Qasımova bürünc medala sahib çıхıb.

Kumite

Kişilər

60 kq

A qrupu

Bu çəkidə tatamiyə çıxan Firdovsi Fərzəliyev ilk qarşılaşmada ispaniyalı Matias Qomes Qarsiya ilə üz-üzə gəlib. Rəqibini 2:0 hesabı ilə məğlub edən I dan qara kəmər sahibinin  növbəti görüşdə rəqibi italiyalı Luka Maresk olub. Karateçimiz bu dəfə inamlı təsir bağışlayıb və qalib gəlməkdə çətinlik çəkməyib - 4:2. Bununla da yarımfinalda iştirak hüququ qazanan həmyerlimiz son görüşdə albaniyalı Halil Marqeş döyüşüb. Bu dəfə də tatamini üstün tərk edən (6:0) Fərzəliyev qrup qalibi kimi mərhələ  adlayıb. O, finala gedən yolda digər qrupun ikincisi makedoniyalı Emin Pavlovla qüvvəsini sınayıb. Həmyerlimiz bu dəfə də görüşdən qalib ayrılıb. O, 2:4 hesabı ilə geridə olsa da, sonda təmiz qələbə qazanaraq finala çıxıb. 

Karateçimiz finalda qrup mərhələsində məğlub etdiyi Mareska ilə münasibətinə aydınlıq gətirib və 4:0 hesablı qələbə qazanaraq qızıl medala sahib çıxıb. Bu Azərbaycanın "Bakı-2015"dəki ilk "qızıl"ı olub.

Qızıl: Firdovsi Fərzəliyev (Azərbaycan).

Gümüş: Luka Maresk (İtaliya).

Bürünc: Emil Pavlov (Makedoniya).

67 kq

A qrupu

Komandamızın medal ümidlərindən olan Niyazi Əliyev yarışa gürcüstanlı İrakli Tkebuçava ilə start verib. İlk qarşılaşmasını 2:0 hesabı ilə aktivinə yazan həmyerlimiz ardınca Stevan Da Kostanı (Fransa) 3:1, ispaniyalı Manuel Rosero Ruis 2:0 hesabı ilə məğlub edib. O, yarımfinalda digər qrupun ikincisi Burak Uyğura (Türkiyə) qarşı keçirib və məğlub olub - 1:4. 

Buna baxmayaraq, o, yarışı mükafatla başa vurub. Niyazi bürünc medal uğrunda döyüşdə almaniyalı Rikardo Gieglerə güzəştə getməyib - 3:1.

Qızıl: Burak Uyğur (Türkiyə).

Gümüş: Stiven da Koşta (Fransa).

Bürünc: Niyazi Əliyev (Azərbaycan).

75 kq

A qrupu

Yığmamızın lideri Rafael Ağayev də bu gün mübarizəyə qoşulub. Dünya və Avropa çempionumuz debüt görüşündə ukraynalı İlya Nikulinlə üz-üzə gəlib. 3:0 hesabı ilə qalib gələn titullu idmançımız ikinci qarşılaşmasında gözlənilmədən Erman Eltemura (Türkiyə) uduzub - 3:5. Buna baxmayaraq, qrupda son döyüşünü Latviyanı təmsil edən Ruslan Sadıqova qarşı keçirən Ağayev 3:1 hesabı ilə məğlub edərək, qrup səddini adlayıb. Rafael yarımfinalda almaniyalı Noa Bitşlə qarşılaşıb. Döyüş həmyerlimizin 1:0 hesablı qələbəsi ilə başa çatıb. 

Ağayev qızıl medal uğrunda italiyalı Luici Busa ilə gücünü yoxlayıb və 1:0 hesablı qələbə qazanaraq qızıl medala sahib çıxıb.

Qızıl: Rafael Ağayev (Azərbaycan).

Gümüş: Luici Busa (İtaliya).

Bürünc: Erman Eltemura (Türkiyə).

Qadınlar

50 kq

A qrupu

Bu növdə ölkəmizin idman şərəfini Nuranə Əliyeva A qrupunda yer alıb. İlk görüşdə avstriyalı Bettina Plankla münasibətinə aydınlıq gətirən karateçimiz yuka xalı ilə uduzub - 0:1. O, növbəti 2 gürüşündə də ümidləri doğrultmayıb. Türkiyəli Serap Özçelikə 0:6, xorvatiyalı Monika Beruleç 0:3 hesabı ilə məğlub olan Əliyeva qrupda sonuncu olub və vaxtından əvvəl Oyunlarla vidalaşıb. 

Qızıl: Serap Özçelik (Türkiyə).

Gümüş: Bettina Plank (Avstriya).

Bürünc: Aleksandra Reççiya (Fransa).

55 kq

B qrupu

Yığmamızın üzvü İlahə Qasımova birinci döyüşünü Cenni Varlinqə (Lüksemburq) qarşı keçirib. Döyüş 4:0 hesabı ilə təmsilçimizin xeyrinə başa çatıb. O, ikinci görüşündə də uğurlu seriyanı davam etdirib. Türkiyəli Tuba Yakanla qarşılaşan həmyerlimiz bu dəfə 1:0 hesablı qələbəyə sevinib. Bu qələbə sayəsində yarımfinala vəsiqəni təmin edən İlahə son görüşünü xorvatiyalı Yelena Kovaçeviçə qarşı keçirib. Rəqib 1:0 hesabı ilə qalib gəldiyindən, Qasımova qrup ikincisi kimi mərhələ adlayıb. Karateçimiz yarımfinalda fransalı Emilya Tuoyla qüvvəsini sınayıb. Görüş idmançımız üçün uğursuz alınıb və 6:1 hesabı ilə qalib gələn rəqib finala yüksəlib. 

Qasımova bürünc uğrunda ispaniyalı Kristina Ferrer Qarsiya ilə döyüşüb. Gərgin keçən dueldə İlahə 2 dəfə hesabda geriyə düşməsinə baxmayaraq, yekunda 5:2 hesabı hesabı ilə qələbə qazanıb. Bu, həmçinin yığmamızın Avropa Oyunlarında ilk medalı kimi tarixə düşüb.

Qızıl: Emilya Tuoy (Fransa).

Gümüş: Yelena Kovaçeviç (Xorvatiya).

Bürünc: İlahə Qasımova (Azərbaycan).

61 kq

B qrupu

Millimizin karateçisi Fəridə Abıyevanın Avropa Oyunlarında debütü slovakiyalı İnqrida Suşankova görüşə təsadüf edib. Bu rəqiblə qarşılaşma 2:2 hesabı ilə başa çatsa da, 20 yaşlı həmyerlimiz daha sonra Ana Lenarda (Xorvatiya) 0:6, Merve Çobana (Türkiyə) 1:2 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb.

Qızıl: Lusie İqnase (Fransa).

Gümüş: Merve Çoban (Türkiyə).

Bürünc: Ana Lenard (Xorvatiya).

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər