Bu gün "Bakı-2015" I Avropa Oyunlarında karateçilərin mübarizəsinə yekun vurulub. Fanat.az xəbər verir ki, son gündə 6 dəst medal sahibini tapıb.
İlk gündə Azərbaycan millisinin aktivinə 2 qızıl və 2 bürünc medal yazdıran karateçilərimiz bu gün medal sayını artırıb. Belə ki, Ayxan Mamayevlə İrina Zaretska qızıl medala sahib çıxıb. İlk gündə Firdovsi Fərzəliyev və Rafael Ağayev qızıl, Niyazi Əliyev və İlahə Qasımova bürünc medal qazanmışdı.
Kumite
Kişilər
84 kq
B qrupu
Bu çəkidə mübarizə aparacaq Ayxan Mamayev qrupun açılış döyüşündə yunanıstanlı Georgios Mixail Tzanosla üz-üzə gəlib. Görüş 0:0 hesabı ilə yekunlaşıb. Gənclər arasında dünya çempionunun növbəti rəqibi Yaroslav Haruna (Ukrayna) olub və təmslçimiz 6:3 hesabı ilə qalib gəlib. 23 yaşlı karateçimiz qrup mərhələsindəki mübarizəyə Avropa və dünya çempionu Kenyi Qrillona (Fransa) qarşı görüşlə yekun vurub. Mamayev bu dueldən də üstün ayrılaraq (6:1), yarımfinalda iştirak hüququ qazanıb. Ayxan finala gedən yolda Alvin Karaqi (Kosova) ilə qarşılaşıb və 6:1 hesablı qələbə qazanaraq finala çıxıb. Mamayev həlledici görüşdə yunanıstanlı Mixail Geordios Tzanosu məğlub edərək, qızıl medala sahib çıxıb. Düzdü, qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Lakin döyüşün 4 yan xətt hakimindən 3-ünün həmyerlimizi güclü sayması, yığmamıza 10-cu medalı qazandırıb.
Qızıl: Ayxan Mamayev (Azərbaycan).
Gümüş: Georgios Mixail Tzanos (Yunanıstan).
Bürünc: Uğur Aktaş (Türkiyə).
+84 kq
B qrupu
Azərbaycan karateçisi Şahin Atamov qrupda ilk görüşünü dünya çempionu Erkan Enesə (Türkiyə) qarşı keçirib. Döyüş gözlənilməz nəticə ilə başa çatıb. Mundialın və Avropa çempionatının gümüş mükafatçısı olan Atamov 1:10 hesabı ilə uduzub. Şahin daha sonra elə də zəngin karyerası olmayan Martin Nestorovskini (Makedoniya) məğlub etməyə çalışıb, lakin bunu bacarmayıb - 3:5. Həmyerlimiz qrupdakı son görüşündə də qələbə istəyini reallaşdıra bilməyib. Bu dəfə təcrübəli Spiridon Marqaritopulosa (Yunanıstan) uduzan Atamov qrupda qalıb.
Qızıl: Erkan Enes (Türkiyə).
Gümüş: Conatan Horne (Almaniya).
Bürünc: Martin Nestorovski (Makedoniya).
Qadınlar
68 kq
A qrupu
Azərbaycan yığmasının milliləşdirilmiş karateçisi İrina Zaretska yarışa qələbə ilə başlayıb. 19 yaşlı idmançımız özündən 9 yaş böyük olan dünya çempionu Kristina Vizkaino (İspaniya) üzərində layiqli qələbə qazanıb - 6:1. Ardından avstriyalı Teresa Alisa Bukingerlə üz-üzə gələn Zaretska 0:4 hesabı ilə uduzsa da, son görüşdə yunanıstanlı Vasiliki Panetsidunu məğlub edib - 1:0. Bu qələbə İrinanı yarımfinala yüksəldib. O, digər qrupun lideri Marina Rakoviçi (Monteneqro) 1:0 hesabı ilə yenərək finala çıxıb. Zaretska finalda avstriyalı Alisa Buçingerlə qarşılaşıb. Döyüş idmançımızın asan qələbəsi ilə başa çatıb. İrina rəqibini 8:1 hesabı ilə məğlub edərək, yığmamıza 9-cu medalı qazandırıb.
Qızıl: İrina Zaretska (Azərbaycan).
Gümüş: Teresa Alisa Bukinger (Avstriya).
Bürünc: Marina Rakoviç (Monteneqro).
+68 kq
A qrupu
Bu çəkidə mübarizə aparacaq Aytən Səmədli ilk oyununda Masa Martinoviçlə (Xorvatiya) üz-üzə gəlib. Lakin həmyerlimiz özünü yaxşı tərəfdən göstərə bilməyib və 1:2 hesabı ilə uduzub. Təəssüf ki, o, növbəti görüşdə də məğlubiyyət acısı yaşayıb. Bu dəfə fransalı Nadege İbrahim Aytən Səmədlidən güclü olub - 5:0. Aytən son görüşünü Hana Antunoviçə (İsveç) qarşı keçirib və rəqib 9:1 hesabı ilə qalib gəlib. Hər 3 görüşdə qələbəyə həsrət qalan Səmədli yarışla vaxtından əvvəl vidalaşıb.
Qızıl: Masa Martinoviç (Xorvatiya).
Gümüş: Meltem Hacaoğlu (Türkiyə).
Bürünc: İvanna Zaytseva (Rusiya).
Kata
Kişilər
B qrupu
Bu qrupun ilk görüşü həmyerlimiz Tural Balcanlı ilə türkiyəli Yakan Mehmet arasında olub. Karateçimiz debütdə məğlubiyyətə üzülüb. Avropa və Dünya Kubokunun mükafatçısı ardınca fransalı Dak Min və rumıniyalı Quta Adriandan da zəif təsir bağışlayıb - 0:5. Nəticədə qrupda 3-cü yeri tutan Balcani mərhələ adlaya bilməyib.
Qızıl: Damian Hüqo Quintero (İspaniya).
Gümüş: Mattia Busato (İtaliya).
Bürünc: Yakan Mehmet (Türkiyə).
Qadınlar
B qrupu
Ölkəmizi təmsil edən Adilə Qurbanova da Balcani kimi yarışla vaxtından əvvəl vidalaşıb. Dünya kubokunun ikiqat qalibi almaniyalı Jasmin Bleul, türkiyəli Dilarə Bozan və xorvatiyalı Vlatka Kiuki üstələyə bilməyib.
Qızıl: Sandra Sançes Cayme (İspaniya).
Gümüş: Sandi Skordo (Fransa).
Bürünc: Dilarə Bozan (Türkiyə).
Fanat.az