Bu gün "Bakı-2015" I Avropa Oyunlarında dağ velosipedi idmanı üzrə yarışlara start verilib. Fanat.az xəbər verir ki, yalnız 1 gün davam edəcək yarışda əvvəl qadınlar qüvvəsini sınayıblar.
Dağ Velosipedi Parkında baş tutan yarışa 27 idmançı qatılıb. Finiş xəttinə hamıdan tez çatan isveçrəli Yolanda Neff qızıl medala yiyələnib. Məsafəni 1 saat 31 dəqiqə 5 saniyəyə qət edən velosipedçi Avropa Oyunları tarixinə düşüb. O, Oyunların ilk çempionu olub.
Yolandanın həmyerlisi Katrin Stirnemann 1:33.08 nəticə ilə 2-ci olub. Polşalı Maya Vloçovska 3-cü pilləyə yiyələnib - 1:33.13.
Azərbaycanı burada 27-ci sıra nömrəsi ilə start xəttinə çıxan Ülfət Nəzərli təmsil edib. Lakin idmançımız finiş xəttinə çata bilməyib.
qadınlardan sonra kişilər yarışa çıxıb. Dağ Velosipedi Parkında baş tutan yarışda 45 idmançı qüvvəsini sınayıb. Qadınların yarışında olduğu kimi kişilərin də mübarizəsi İsveçrə təmsilçilərinin zəfəri ilə başa çatıb.
Lakin bu dəfə bütün mükafatları eyni ölkənin idmançıları qazanıblar. Məsafəni 1 saat 41 dəqiqə 5 saniyəyə qət edən Nino Şurter qızıl medala yiyələnib. O, həmyerliləri Lukas Flukkiqeri 13, Fabian Qiqeri 33 saniyə qabaqlayıb.
Mükafatlar uğrunda iki Azərbaycan idmançısı da mübarizə aparıb. Ölkəmizi Aqşin İsmayılov və Orxan Məmmədov təmsil edib. İsmayılov mübarizəni 38-ci yerdə başa vurub. Məmmədov isə finişə çatmayan 7 idmançı arasında yer alıb.
Fanat.az