"Bakı-2015": güləşçilərimiz 3 medal qazandı - YENİLƏNİB

"Bakı-2015": güləşçilərimiz 3 medal qazandı - YENİLƏNİB

Bu gün "Bakı-2015" I Avropa Oyunlarında yunan-Roma güləşçilərinin mübarizəsinə start verilib. Fanat.az xəbər verir ki, Heydər Əliyev adına İdman Arenasında baş tutacaq ilk yarış günündə 59, 71, 80 və 98 kq çəki dərəcələrində mükafatçıların adına aydınlıq gəlib. Azərbaycan millisi bütün çəkilərdə təmsil olunduğundan 4 pəhləvanımız xalçaya çıxıb.

Yığmamız günü 3 medalla başa vurub. 71 kq-da yarışan Rəsul Çunayev qızıl medala sahib çıxıb. 80 kq çəki dərəcəsində mübarizə aparan Rafiq Hüseynov finalda rusiyalı rəqibinə uduzaraq gümüş medalla kifayətlənib. 71 kq-da çıxış edən Elman Muxtarov isə bürünc medal qazanıb. O, son görüşdə erməni rəqibini 9:1 hesabı ilə yenib.

 

Yunan-Roma güləşi

59 kq

Bu çəkidə ölkəmizi dünya və ikiqat Avropa çempionu Elman Muxtarov təmsil edir. Təsnifat mərhələsindən azad olan həmyerlimiz 1/8 finalda gürcüstanlı Gizo Meladze ilə görüşüb. Qarşılaşma Muxtarov üçün elə də çətin alınmayıb. Hər 2 hissədə qonşu ölkə təmsilçisindən üstün olan güləşçimiz 3:1 hesabı ilə qələbə qazanaraq, 1/4 finala vəsiqə qazanıb. Elman yarımfinala gedən yolda norveçli Stiq-Andre Berqlə üz-üzə gəlib. Gərgin keçən döyüşdə millimizin üzvü qələbəni bayram edib - 7:6. Elman finala gedən yolda büdrəyib. Muxtarov yarımfinal səddini keçmək üçün rusiyanı təmsil edən erməni əsilli Stepan Maryanyanla güləşib və 3:11 hesabı ilə uduzub. 

Buna baxmayaraq, Elman bürünc medal uğrunda mübarizəni davam etdirəcək. Muxtarov 3-cü yer uğrunda döyüşdə ermənistanlı Roman Amoyanla güləşib. İdmançımız 9:1 hesablı qələbə qazanaraq bürünc medala sahib çıxıb.

Qızıl: Stepan Maryanyan (Rusiya).

Gümüş: Soslan Daurov (Belarus).

Bürünc: Elman Muxtarov (Azərbaycan), Tarık Belmadani (Fransa).

 

71 kq

71 kq çəki dərəcəsində güləşən Rəsul Çunayev də yarışa 1/8 finaldan start verib. Universiadanın qalibi, dünya və Avropa çempionatının mükafatçısı ilk görüşdə moldovalı Daniel Kataraqa ilə üz-üzə gəlib. Millimizin liderlərindən olan Çunayev arenaya toplaşan azarkeşlərə sevinc bəxş edib. O, rəqibinə asanlıqla qalib gələrək, mərhələ adlayıb. Rəsul 1/4 finalda Dominik Etlinqerlə (Xorvatiya) gücünü yoxlayıb. Təmsilçimiz qələbə seriyasını davam etdirərək, rəqibini 4:0 hesabı ilə məğlub edib. Yarımfinalda Rəsul çətinliklə üzləşməyib. O, Svilen Kostadinovla (Bolqarıstan) görüşü 10:0 hesabı ilə öndə bitirərək, finala çıxıb.

Çunayev finalda macarıstanlı Balint Korpasi ilə üz-üzə gəlib. 3:1 hesablı qələbə qazanan Rəsul qızıl medala sahib çıxıb.

Qızıl: Rəsul Çunayev (Azərbaycan).

Gümüş: Balint Korpasi (Macarıstan).

Bürünc: Dominik Etlinqer (Xorvatiya), Frank Staebler (Almaniya).

80 kq 

Digər 2 təmsilçilərimiz kimi ilk mərhələdən azad olan Rafiq Hüseynov birinci görüşünü 1/8 finalda keçirib. Avropa çempionatı və Qran-prinin çempionu, həmçinin dünya çempionatının mükafatçısı Mixael Vaqnerlə (Avstriya) münasibətlərinə aydınlıq gətirib. Hüseynov ilk hissədəcə cütün taleyinə aydınlıq gətirib. O, bu qarşılaşmanın da taleyini vaxtından əvvəl həll edib. İlk hissədə 10:0 hesabı ilə qalib gələn Elman mübarizəni yarımfinalda davam etdirib. Bu mərhələdə türkiyəli Selcuk Cebi ilə qarşılaşan Avropa çempionun yarışa tam hazır olduğunu bir daha sübuta yetirib və yenə də döyüşü vaxtından əvvəl aktivinə yazıb (9:0) və finala çıxıb.

Güləşçimiz finalda rusiyalı Yevgeni Salayevlə qarşılaşıb. Təmsilçimiz həlledici görüşdə 0:3 hesabı ilə yenilərək gümüş medalla kifayətlənib.

Qızıl: Yevgeni Salayev (Rusiya).

Gümüş: Rafiq Hüseynov (Azərbaycan).

Bürünc: Daniel Aleksandrov (Bolqarıstan), Viktor Sasunovski (Belarus).

 

98 kq

Güləşçilərimizdən mübarizəyə öncə Orxan Nuriyev qoşulub. Baş məşqçi Cəmşid Xeyrabadinin böyük ümid bəslədiyi 20 yaşlı idmançımız təsnifat mərhələsində Teodoros Tounosidislə (İsveç) qarşılaşıb. O, təcrübəli rəqibi qarşısında 0:1 hesabı ilə geri düşsə də, yekunda layiqli qələbə qazanıb - 3:1. Orxan 1/8 finalda litvalı Vilius Laurinaitislə güləşib. Nuriyev bu rəqibə də yerini göstərib - 9:1. Gənc idmançımız 1/4 finalda rusiyalı İslam Maqomedovla mübarizə aparıb. Təəssüf ki, o, təcrübəli rəqiblə qarşılaşmadan məğlub ayrılıb - 1:3. 

Nuriyevə qalib gələn Maqomedov finala yüksəldiyindən, pəhləvanımız təsəlliverici görüşə qatılıb. Bu mərhələdə Ardo Arusaarla qarşılaşan həmyerlimiz 2:0 hesabı ilə qələbə qazanaraq, bürünc medal uğrunda yarışmaq hüququ qazanıb. Amma Orxan 3-cü olmaq üçün türkiyəli Cenk İldemlə gücünü sınayıb və 0:3 hesabı ilə uduzaraq medalsız qalıb.

Qızıl: İslam Maqomedov (Rusiya).

Gümüş: Dmitri Timçenko (Ukrayna).

Bürünc: Cenk İldem (Türkiyə), Melonin Noumanvi (Fransa).

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər