Bu gün "Bakı-2015" I Avropa Oyunlarının idman gimnastikası yarışlarında daha iki dəst medalın sahibi müəyyənləşib. Fanat.az xəbər verir ki, Milli Gimnastika Arenasında kişi və qadın gimnastlar fərdi çoxnövçülükdə ən güclülərin adına aydınlıq gətirib.
Təsnifat mərhələsi iyunun 14-15-də keçirilən yarışın həlledici hissəsində iki Azərbaycan təmsilçisi də qüvvəsini sınayıb.
Kişilərin yarışında çıxış edən Oleq Stepko Avropa Oyunlarını mükafatla başa vurub. Təsnifat mərhələsini 3-cü pillədə bitirən idmançımız finalda daha yüksək – 2-ci yerə layiq görülüb.
Sərbəst hərəkətlərdən (14,600) sonra 18 iştirakçı arasında 6-cı olan idmançımız sonra xal hesabını artırmağa müvəffəq olub. Gimnastika atındakı (15,300) çıxışını ilə 2 hərəkətin cəmində 29,900 xalla 2-ci yerə yüksələn Stepko mövqeyini sonadək qoruyub.
Təmsilçimiz həlqələrdə 14,633, dayaqla tullanmada 14,766, paralel qollarda 15,866, turnikdə 13,900 xal qazanıb. Bununla da yekunda 89,065 xalı olan Oleq Avropa Oyunlarının gümüş mükafatını qazanıb.
Komanda hesabında da bürüncə yiyələnən Stepko Bakı-2015-də iki medal əldə edən ilk Azərbaycan idmançısı olub. Bu medal Azərbaycan yığmasının yarışlarda 26-cı mükafatı olub.
Onunla yanaşı, fəxri kürsüyə yüksələn ukraynalı Oleq Vernyayev 90,332 xalla 1-ci, rusiyalı Nikita İqnatyev 87,365 xalla 3-cü olub.
Qadınların çoxnövçülük yarışında Azərbaycanı Marina Nekrasova təmsil edib. Təsnifat mərhələsində 34-cü olmasına baxmayaraq yenidən Avropanın ən güclüləri ilə mübarizə aparan gimnastımız fərdi çoxnövçülükdə qüvvəsini sınayıb.
Sərbəst hərəkətlərdə 12,733 xal yığan Nekrasova ilk hərəkətdən sonra 10-cu pillədə qərarlaşıb. Dayaqla tullanmadan (13,966) sonra hesabında 26,699 xalı olan Marina 9-cu yerə yüksəlib.
İdmançımızın 3-cü hərəkəti uğursuz alınıb. Müxtəlif hündürlüklü qollardakı (10,233) çıxışından sonra aktivində 36,932 xal olan Marina 16-cı pilləyə düşüb. Son hərəkətrə - dirəkdə 13,166 xal yığan idmançımız yekunda 50,098 xal toplayıb. Nekrasova bu nəticə ilə yarışı 18 idmançı arasında 15-ci yerdə başa vurub.
Qadınların yarışında Avropa Oyunlarının çempionu adına rusiyalı Aliyə Mustafina yiyələnib – 58,566. İsveçrəli Culiya Şteynqruber (56,699) 2-ci, hollandiyalı Lieke Uevers (55,065) 3-cü olub.
Fanat.az