Bu gün "Bakı-2015" I Avropa Oyunlarının taekvondo yarışlarında daha iki çəki dərəcəsində qaliblər müəyyənləşib. Fanat.az xəbər verir ki, kişilər 68 kq, qadınlar 57 kq çəki dərəcəsində mübarizəyə start verib.
Taekvondoçuların yarışının ilk günündə 1 bürünc medal qazanan Azərbaycan yığmasının daha iki üzvü tatami üzərinə çıxıb. Kişilərin yarışında Ayxan Tağızadə qızıl medal qazanıb, qadınların mübarizəsində isə Günay Abdullayeva medalsız qalıb.
Taekvondo
Kişilər
68 kq
Təmsilçimiz Ayxan Tağızadə yarışa ilkin mərhələdən başlayıb. Sloveniyalı Yure Pantarla döyüşən həmyerlimiz rəqibinə heç bir şans verməyib - 11:3. Ayxan 1/4 finalda London-2012-nin qalibi, ikiqat dünya və ikiqat Avropa çempionu Xoel Qonzales Bonilla (İspaniya) ilə üz-üzə gəlib. Taekvondoçumuz güclü rəqibinə qalib gələrək yarımfinala çıxıb. Onun finala gedən yoldakı rəqibi Aleksey Denisenki (Rusiya) olub. 7:5 hesablı qələbə qazanan Ayxan finala çıxıb. Təmsilçimiz qızıl medal uğrunda döyüşdə Karol Robakla (Polşa) qarşılaşıb və 10:9 hesablı qələbə qazanaraq I Avropa Oyunlarının qalibi olub.
Qadınlar
57 kq
Mübarizəyə ilkin mərhələdən başlayan Günay Ağakişiyevanın birinci rəqibi serbiyalı Draqana Qladoviç olub. Görüş Günay üçün məğlubiyyətlə başa çatıb. Daha təcrübəli Qladoviç 8:4 hesabı ilə qalib gəlib. Draqana 1/4 finalda uduzduğundan Ağakişiyeva təsəlliverici görüşlərə qatıla bilməyəcək.
Qeyd edək ki, dünən Patimat Abakarova (48 kq) qadınların yarışında 3-cü yeri tutaraq, bürünc medal qazanıb. Məhəmməd Məmmədov (58 kq) isə kişilərin yarışında bürünc medal uğrunda döyüşdə məğlub olub.
Fanat.az