Bu gün "Bakı-2015" I Avropa Oyunlarında atıcılığın 4 növündə yarışlar keçirilir. Fanat.az xəbər verir ki, qadınlar 25, kişilər 50 metr məsafədən tapança ilə atəş açmaqda qüvvələrini sınayır.
Dairəvi stend atıcıları da bu gün mübarizəyə start verib. Azərbaycan snayperləri də qitənin ən yaxşıları arasına düşməyə çalışır.
Kişilərin 50 metrdən tapança ilə atəş açmaqda təsnifat yarışları başa çatıb. Bu mərhələdə ölkəmizi təmsil edən Rəsul Məmmədov 540 xal toplayıb. 31 idmançı arasında 24-cü olan atıcımız final mərhələsinə yüksələ bilməyərək, mübarizəni dayandırıb. Yarışın qalıibi adını Damir Mikeç (Serbiya) qazanıb. Pavol Kopp (Slovakiya) 2-ci, Abdullah Ömer Alimoğlu (Türkiyə) 3-cü olub.
25 metr məsafədən tapança ilə atəş açan qadınların təsnifat mərhələsi başa çatıb. 2-ci - sürətli atəş hissəsində Azərbaycan snayperi İradə Aşumova da qüvvəsini sınayıb. 576 xal yığan idmançımız 15-ci yeri tutub. Sərrast hissəsə 286 xalla 17-ci olan İradə Aşumova yarımfinal mərhələsinə yüksələ bilməyib. Heydi Diethelm Qerber (İsveçrə) qızıl, Antoaneta Boneva (Bolqarıstan) gümüş, Monika Karş (Almaniya) bürünc medal qazanıb.
Kişilərin dairəvi stend yarışında isə iki təmsilçimiz hədəf önünə keçib. Emin Cəfərov I təsnifat mərhələsində 23-cü, Paşa Əhədpur Xanxan 27-ci olub. Emin II təsnifat mərhələsində 3-cü, Paşa 5-ci qrupda yarışacaq. Yarış sabah saat 09.00-da başlayacaq.
Qadınların dairəvi stend yarışında Azərbaycanı Nurlana Cəfərova təmsil edib. O, 65 xalla 19 idmançı arasında 18-ci olub və mübarizəni dayandırıb. Yarımfinala ilk 6 pilləni tutan idmançılar vəsiqə qazanıb.
Fanat.az