"Bakı-2015" I Avropa Oyunlarında boks yarışlarının 1/4 final mərhələsi davam edir. Fanat.az xəbər verir ki, bu gün daha 8 çəki dərəcəsində yarımfinalçıların adlarına aydınlıq gəlib.
Bu çəki dərəcələrinin 5-də kişi, 3-də isə qadın boksçular rinqə çıxıb. Azərbaycanın isə 6 idmançısı müxtəlif çəkidə qüvvəsini sınayıb. 4 kişi və 2 qadın boksçumuzdan yalnız 64 kq-da yarışan qadın boksçumuz Yelena Vıstropova mübarizəni dayandırıb. Qalan 5 boksçumuz yarımfinala çıxaraq ən azı bürünc medalı təmin edib.
Qeyd edək ki, bundan əvvəl 1/4 final qarşılaşmasına çıxan 5 boksçumuzdan 4-ü mərhələ adlayaraq ən azı bürünc medal qazanıb.
Boks
1/4 final
23 iyun
Kişilər
60 kq
Əvvəlki mərhələdə erməni əsilli Gürcüstan təmsilçisi Otar Eranosyana qalib gələn Albert Səlimov bu dəfə bolqarıstanlı Dmitri Elian ilə döyüşüb. Qarşılaşma təmsilçimizin xeyrinə başa çatıb. WSB liqasından Rio-2016-ya lisenziya qazanan Səlimov hər 3 raundda rəqibini məğlub edib – 3:0 (30:27; 30:27; 30:27). Albert yarımfinalda Sin Makkombla (İrlandiya) döyüşəcək. Qarşılaşma iyunun 26-da saat 13.00-da start götürəcək.
64 kq
Bu çəkidə ölkəmizi təmsil edən Lorenzo Sotomayorun yarımfinal yolunda rəqibi Daniel Nikulesku (Rumıniya) olub. 1/4 finala qədər Dmitri Qalaqot (Moldova) və Edin Seydinoviçi (Sloveniya) mübarizədən kənarlaşdıran Kuba əsilli idmançımız üçüncü döyüşünü də qələbə ilə başa vurub. O, Nikuleskunu 3:0 (29:28; 29:28; 30:27) hesabı ilə məğlub edib. Yarımfinala yüksəlməklə bürünc medalı özünə təmin edən Sotomayor bu mərhələdə Viktor Petrovu (Ukrayna) sınağa çəkəcək. Qarşılaşma iyunun 25-də saat 14.15 olacaq.
69 kq
1/8 finalda Vasili Belus (Moldova) üzərində qələbə qazanan Pərviz Bağırov bu dəfə almaniyalı Abass Barau ilə münasibətlərinə aydınlıq gətirib. Döyüşün startından təşəbbüsü ələ alan həmyerlimiz bunu sonadək davam etdirib. Düzdür, Barau görüşün gedişatını dəyişməyə çalışıb. Lakin bunu bacarmayan rəqib 0:3 (27:30; 27:30; 27:30) hesabı ilə uduzub. Komanda yoldaşları kimi yarımfinala vəsiqə qazanan Bağırov bununla ən azı bürünc medalı özünə təmin edib. Boksçumuz finala gedən yolda böyük britaniyalı Coş Kelli ilə üz-üzə gələcək. Qarşılaşma iyunun 26-da saat 13.45-də start götürəcək.
91 kq
Bu çəkidə mübarizə aparan Abdulqadir Abdullayev yarımfinala vəsiqə qazanmaq üçün fransız Pol Bionqolo Ombanı mübarizədən kənarlaşdırıb. Hər 3 raundda (30:27; 30:27; 30:27) rəqibindən üstün olan təmsilçimiz mərhələ adlamaqla, ən azı bürünc medalı da özünə təmin edib. Abdullayev yarımfinalda Sadam Maqomedovla (Rusiya) gücünü yoxlayacaq. Final uğrunda görüş iyunun 26-da 14.30-da keçiriləcək.
Qadınlar
54 kq
Yığmamızın daha bir üzvü Anna Əlimərdanova kifayət qədər güclü rəqiblə qarşılaşıb. Təmsilçimiz bolqarıstanlı dünya çempionu Stanimira Petrova ilə döyüşüb. Mübarizəyə bu mərhələdən başlayan idmançıların görüşü təmsilçimizin qələbəsi ilə yekunlaşıb. Əlimərdanova görüşü 3:0 (39:37; 38:38; 38:38) hesabı ilə aktivinə yazıb. İdmançımız yarımfinala yüksəlməklə ən azı bürünc medalı özünə təmin edən 5-ci boksçumuz olub. O, yarımfinalda Yelena Saveleva (Rusiya) ilə qarşılaşacaq. Döyüş iyunun 25-də keçiriləcək və saat 12.30-da başlayacaq.
64 kq
Avropa Oyunlarında ilk görüşünə çıxan qitə çempionu və dünya ikincisi Yelena Vıstropova bu mərhələdə Rayan Sandi (Böyük Britaniya) ilə qarşılaşıb. Görüş boksçumuz üçün uğurlu alınmayıb və o, məğlubiyyətə üzülüb. 1/8 finalda almaniyalı Sindi Roqq üzərində qələbə qazanan böyük britaniyalı ikinci döyüşü 2:1 (39:36; 40:35; 37:38) hesabı ilə xeyrinə bitirib.
Fanat.az