"Bakı-2015": 4 boksçumuz yarımfinalda - YENİLƏNİB

"Bakı-2015": 4 boksçumuz yarımfinalda - YENİLƏNİB
Bu gün "Bakı-2015" Avropa Oyunlarında boks yarışlarının 1/4 final mərhələsinə start verilib. Fanat.az xəbər verir ki, 7 çəkidə yarımfinalçılar bilinib.
 
Bunun 5-də kişi, 2-də qadın boksçular mübarizə aparıb. Azərbaycanın kişi boksçuları bu gün baş tutacaq bütün çəki dərəcələrində rinqə çıxıb. Elvin Məmişzadə, Tayfur Əliyev, Teymur Məmmədov və Məhəmmədrəsul Məcidov yarımfinala çıxıb. Salman Əlizadə isə mübarizəni dayandırıb.
Boks
22 iyun
Kişilər
 
49 kq
Avropa və dünya çempionumuz Salman Əlizadə mübarizəyə 1/4 finaldan qoşulub. Boksçumuz ilk cəhddə irlandiyalı Brendan İrvinlə gücünü yoxlayıb. Əlizadə 1:2 (28:29, 29:28, 28:29) hesabı ilə uduzaraq mübarizəni dayandırıb.
 
52 kq
1/8 finalda irlandiyalı Keysi Maylsi məğlub edən Elvin Məmişzadə bu dəfə bolqarıstanlı Daniel Asenovla döyüşüb. Gənclər arasında Avropa çempionlarının dueli həmyerlimizin qələbəsi ilə yekunlaşıb. Məmişzadə rəqibini 2:1 (30:27, 30:27, 28:29) hesabı ilə məğlub edib. Boksçumuz yarımfinala vəsiqə qazanmaqla ən azı bürünc medalı özünə təmin edib. Onun yaımfinaldakı rəqibi Hamza Touba (Almaniya) olacaq. 25 iyunda keçiriləcək döyüş saat 13.30-da başlayacaq.
56 kq
İlk qarşılaşmasında rumıniyalı Nikolae Andreiananı mübarizədən kənarlaşdıran Avropa çempionatının gümüş mükafatçısı Tayfur Əliyev 1/4 finalda Danimarka idmançısı Frederik Yansenlə qüvvəsini sınayıb. Əliyev öncəki mərhələdə Koota Mattini (Finlandiya) məğlub edən Yansenə qalib gələrək yarımfinala çıxıb - 3:0 (29:28, 29:28, 29:28). Onun yaımfinaldakı rəqibi Bəxtəvər Nazirov (Rusiya) olacaq. 24 iyunda keçiriləcək döyüş saat 19.30-da başlayacaq.
 
81 kq
Bu çəkidə mübarizə aparan Teymur Məmmədov hərbçilər arasında dünya çempionu olan hollandiyalı Peter Mullenberqlə qarşılaşıb. Bura qədər iki idmançını - Joşua Buatsi (Böyük Britaniya) və Yordan Kulinskini (Polşa) üstələyən 2012-ci il London Olimpiya Oyunlarının bürünc mükafatçısı bu sınaqdan da üzüağ çıxıb. Avropa çempionumuz rəqibini 3:0 (29:28; 29:28; 30:27) hesabı ilə məğlub edərək, 1/2 finalda iştirak hüququ qazanıb. Məmmədov yarımfinala vəsiqə sayəsində Əliyev və Məmişzadə kimi bürünc medalı özünə təmin edib.   O, finala gedən yolda rusiyalı Pavel Silyaginlə üz-üzə gələcək. İdmançımızın rəqibi 1/4 finalda İqor Teziyevi (Almaniya) mübarizədən kənarlaşdırıb. Məmmədov - Silyagin qarşılaşması iyunun 24-də saat 20.15-də baş tutacaq. 
+91 kq
Gürcüstanlı Mixail Baxtidzeyə qalib gələn yığma komandamızın lideri Məhəmmədrəsul Məcidov 1/4 finalda türkiyəli Ali Dəmirəzənlə qarşılaşıb. 2012-ci il London Olimpiya Oyunlarının bürünc mükafatçısı, Avropa çempionu və dünya çempionatının ikiqat qalibi yenə də rinqi üstün bitirib. O, hər 3 raundu xeyrinə başa vurub - 3:0 (30:27; 29:28; 30:27).
 Yarımfinala yüksəlməklə ən azı bürünc medalı özünə təmin edən Məcidov bu mərhələdə Qasan Qimbatovla qüvvəsini sinayacaq. Bu 1/2 final döyüşü iyunun 25-də saat 14.30-da keçiriləcək
 
Qeyd edək ki, qarşıdakı 2 gündə 1/4 final mərhələsində daha 8 idmançımız qüvvəsini sınayacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər