"İnter" iki transferi rəsmiləşdirib. Fanat.az xəbər verir ki, bank klubu Paraqvay və İtaliya vətəndaşlıqları olan Sezar və David Meza Kolli qardaşlarını heyətinə qatıb.
Hər iki futbolçu ilə 1 illik müqavilə imzalanıb. Onların adı tezliklə iştirak ərizəsinə salınacaq.
Tam adı Derlis David Meza Kolli olan böyük qardaş bu ayın 15-də 25 yaşını qeyd edib. Paraqvayın paytaxtı Asunsonda doğulsa da, uşaq yaşlarında ailəsinin Avropaya köçməsi Davidin İspaniyanın Kataloniya bölgəsində yerləşən “L-Escala” klubunda futbolun sirlərinə yiyələnməsinə səbəb olub. Peşəkar karyerasına isə 2007-ci ildə Yunanıstanın “Atromitos” klubunda başlayıb. Ancaq o, bu klubda çox çıxış etməyib. Belə ki, David Yunanıstanın “Etnikos”, PAS və “Messiniakos”da icarə əsasında oynayıb.
Mərkəz yarımmüdafiəçi olmasına baxmayaraq, son klubunda 11 qol vurması onun 2010-cu ildə İtaliyanın Seriya B təmsilçisi “Çezena” klubuna keçməsinə şərait yaradıb. Ancaq o burda möhkəmlənə bilməyib və 2011/12 mövsümü üçün İtaliyanın “Paviya” klubuna icarəyə verilib. Ötən ildən isə “Çezena”da çıxış edir.
Sezar Daniel Meza Kolli isə Daviddən 3 yaş kiçikdi. O, oktyabrın 5-də 22 yaşını qeyd edəcək. Sezar qardaşı kimi yarımmüdafiədə oynamağı bacarsa da, hücumçudu. O, da qardaşı hara gedibsə, həmin komandaların aşağı yaş qruplarında çıxış edib. Yalnız bir dəfə 2012-ci ildə “Alaves”ə icarə əsasında keçməsi faktı var. Bir sözlə, o da “Çezena”dan gəlib.
Fanat.az