Bu gün AFFA-nın yaranmasından 28 il ötür. SSRİ adlı imperiyanın çöküşündən sonra bütün digər sahələr kimi, futbol təsərrüfatı da öz ümidinə qalan Azərbaycan başını başlara qoşdu. Yəni yaranandan 8 gün sonra - 1992-ci ilin aprel ayının 3-də Ədliyyə Nazirliyində 775 nömrəylə qeydiyyatdan keçən qurum futbol başbilənlərinin baş ofisi oldu.
1994-cü ilin mayında UEFA-ya, iyununda FİFA-ya üzv olan AFFA 3 prezident görüb. Təbii, mərhum başqanların – ilk prezident Fuad Musayev (1992-2003) və Ramiz Mirzəyev (2003-2007) dönəmlərindəki qeyri-peşəkarlıqlardan 5 cildli roman yazmaq olar. Çempionatdakı məlum və düşündürücü fasilədən tutmuş idarəçilərin səlahiyyət həddini hansı dərəcədə aşmasına qədər...
İndiki vitse-prezident Elşad Nəsirovun Ramiz Mirzəyevin vəfatından sonra müvəqqəti tutduğu prezident postunu 2008-ci ildə ARDNŞ başqanı Rövnəq Abdullayevə verməsi ilə yeni dönəm başladı.
Məhz bu üzdən müstəqil Azərbaycanın futbol assosiasiyasının keçdiyi yolu şərti olaraq köhnə və yeniyə ayıra bilərik. Digər məsələləri yox, yalnız quruma ayrılan maliyyəni müzakirəyə çıxarsaq, nəyi nəzərdə tutduğumuz bəlli olar.
12 ildi yenilənmiş AFFA neftin qiymətinin qalxıb-düşməsindən asılı olmayaraq Avropa standartlarına uyğun "qidalanır”.
Şübhəsiz, Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı fonunda indikindən 2 deyil, 3 dəfə uğurlu fəaliyyətlə diqqət çəkmək, alqış qazanmaq olardı.
Yeni AFFA-nın ən ciddi çatışmazlığı etibarlı kadrların futbol bilgisi sarıdan "axsaması”, vəsaitin yetərincə ciddi hissəsinin davamlı olaraq uğursuz layihələrə yönəldilməsindədi.
Təəssüf ki, 28 il öncə aradan qaldırılması müzakirə edilən ən şablon problemlərin də çoxu həllini tapmayıb. Belə desək, köhnə AFFA-da görməmişlikdən, başadüşülən və düşülməyən təcrübəsizlikdən, SSRİ qafalı söz sahiblərinin fərdi idarəçilik istəyindən qaynaqlanan səbəblər üzündən görülməyən işlərin çoxu bu günə qədər görülməmiş qalıb.
Ümumiyyətlə, heç nə etmədiklərini, yalnız idman qanqsterliyi ilə məşğul olduqlarını isbatlamaq iddiasında deyilik. Görünən budu ki, mümkün irəliləyişin 1/3 hissəsi də sezilmir.
Bu yazıda futbol haqda AFFA-ya baş katib təyin olunandan sonra bilgi toplayan Elxan Məmmədovun yaratdığı utopik sistemi incələmək fikrindən uzağıq. Qurumda işləyə-işləyə öyrənməyə çalışan, futbol idarəçiliyi yönündə təhsili alan adamın harda, nəyi və necə "yandırdığını”, hansı mümkün hədəflərin sırf "vəzir”in işbilməzliyinin güdazına getdiyini hamı bilir.
Vitse-prezident postunu bu idman növündəki hansı xidmətlərinə görə tuduğu bilinməyən Elşad Nəsirovun, eləcə də Berlində yetişdirib Azərbaycana qazandırmaq novellasının (akademiya –fiasko layihəsi də demək olar) müəllifi Rauf Əliyevin altına imza atdığı zəfər varmı? Bu şəxslərin hər hansı tövsiyyəsi Azərbaycan futboluna bu və ya digər dərəcədə fayda veribmi? Nə isə...
İçindəki adamlardan lap çox danışmaq olar. Qurumun quru canının nə suçu var ki...
...Hə, AFFA gözəl və özəl qurumdu. Baxımlı binası, bəs qədər maliyyəsi var. Qurumun büdəfəki "doğum günü” "evdə qal” çağırışının futbol xəbərlərindən çox diqqət çəkdiyi dönəmə düşüb. Yəqin ki, futbolumuzun baş binasında başbilənlik edən "ütülü oğlanlar” koronavirusa yoluxmaq ehtimalını nəzərə alıb heç kimin villasına yığışmayacaqlar...
Ümid edək ki, gözəl yazların birində həmin özəl görünüşlü binanın doğum günü bütün fanatların yadına düşəcək. Uzun bir cümlə ilə dəqiqləşdirsək, içində oturan adamların düzgün idarəçiliyi nəticəsində qazanılan ciddi futbol uğuru o binaya baxan istənilən futbolsevərin üzünə təbəssüm qonduracaq.
Yaranışının il dönümü mübarək, AFFA!
Fanat.Az