"Finala çıxacağımıza inanırdım. Təəssüf ki, alınmadı”.
Fanat.Az xəbər verir ki, bu sözləri "Roma”nın çalışdırıcısı Eusebio Di Françesko deyib.
Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab matçında "Liverpul” üzərində 4:2 hesablı qələbə qazanan paytaxt komandasının baş məşqçisi ilk görüşdə 2:5 hesabıyla yenildikləri ingilislərə daha çox qol vura bilmədiklərinə üzüldüyünü söyləyib: "Həm əsəbiyəm, həm də təəssüflənirəm. "Liverpul”a daha çox qol vura bilərdik. Kifayət qədər real qol şanslarını əldən verdik. Buna üzülürəm. Çempionlar Liqasında mübarizəni dayandırdığımıza görə həqiqətən də məyusam. Futbolçularıma təşəkkür edirəm. Uşaqlar ikinci yarıda, demək olar, səhvsiz oynadılar.
Gələn il Çempionlar Liqasında yenidən bu yerlərə gəlmək bizim üçün çox önəmlidi. Lakin ilk növbədə İtaliya çempionatında yüksək yerlərdən birini tutmalıyıq. Biz daha artığına nail ola bilərik. Əlbəttə, hakim "Liverpul”u qırmızı vərəqə və penalti ilə cəzalandırsaydı, matçın axarı dəyişərdi. Amma bizim də səhvlərimiz oldu və bu səhvlərin cəzasını çəkdik”.
Fanat.Az