Qış "transfer pəncərəsi" dönəmindən istifadə edən Avropa klubları futbolçu alış-verişinə davam edir.
"Express" nəşri: "Vest Hem" Cessi Linqardı transfer etmək niyyətindən vaz keçmir. "Çəkiclər" İngiltərə millisinin üzvünü bu yay cəlb etmək üçün daha bir cəhd edəcək.
Canluka Di Martsio: "Arsenal" Duşan Vlahoviçin keçidində maraqlı olsa da, futbolçunun agentləri klubdan gələn zənglərə cavab verməyiblər. Ancaq Duşanın agenti "Nyukasl" rəsmiləri ilə görüş keçirib.
Rob Dorsett (Sky Sports): "Çelsi", "Vest Hem", "Nyukasl" və digər adı açıqlanmayan Premyer Liqa klubları "Everton"un sol cinah müdafiəçisi Lyuka Dinin xidmətində maraqlıdırlar.
"Transfers day" telekanalı: Lorenso Insinye və agenti Romada yerləşən Sent-Recis otelində "Toronto" ilə müqavilə bağlayıb. Insinye medianın suallarına cavab verməyib. Müqaviləyə əsasən, Lorenso yayda azad agent olaraq 5 il "Toronto"nun şərəfini qoruyacaq.
Canluka Di Martsio: Aaron Remzi "Börnli"nin təklifini rədd edərək "Nyukasl"ın təklifi ətrafında düşünəcək.
"Sky Sports" nəşri: "Nyukasl" "Atletiko Madrid"lə Kiran Tripyeni 12 milyon funt sterlinqə transfer etməyə razılaşıb. Onun qşıdakı günlərdə tibbi müayinədən keçməsi və müqaviləyə imza atması gözlənilir.
Türk jurnalist Yağız Sabuncuoğlu: “Fənərbağça”nın Yoahim Löv ilə danışıqları davam edir.
Baş tutmuş transfer xəbərləri:
Adrien Silva (32 yaşlı yarımmüdafiəçi)
"Sampdoria"dan (İtaliya) "Əl Vahda"ya (BƏƏ) transfer olunub. Azad agentdir. 2 illik müqavilə imzalanıb. Bu mövsüm o, 18 oyun keçirib və bir məhsuldar ötürmə ilə yadda qalıb.
Joy Uerman (23 yaşlı yarımmüdafiəçi)
"Herenven"dən (Hollandiya) PSV-yə (Hollandiya) keçib. Transfer məbləği - 6 milyon avro təşkil edib. Müqavilə 2025/26 mövsümünün sonuna qədər nəzərdə tutulub. Bu mövsüm o, 20 oyun keçirib, 4 qol vurub və 7 məhsuldar ötürmə verib.
Həsən Kamara (27 yaşlı sol cinah müdafiəçisi)
"Nitsa"dan (Fransa) "Uotford"a (İngiltərə) keçid edib.
Transfer məbləği 4 milyon funt sterlinq təşkil edib. Müqavilə 2024/25 mövsümünün sonuna qədər nəzərdə tutulub.
Lukas Teodorçik (30 yaşlı hücumçu)
"Udineze"dən (İtaliya) "Viçenza" (İtaliya) klubuna keçib. Azad agentdir. Müqavilə müddəti 2021/22 mövsümünün sonuna qədər nəzərdə tutulub.
Morgan Boyes (20 yaşlı mərkəz müdafiəçisi)
"Liverpul"dan (İngiltərə) "Livinqston"a (Şotlandiya) keçib. Müqaviləsi 2022/2023 mövsümünün sonuna qədər nəzərdə tutulub.
Stiv Kuk (30 yaşlı müdafiəçi)
"Bornmut"dan (İngiltərə) "Nottingem Forest"ə (İngiltərə) keçid edib. Azad agentdir. Müqaviləsi 2023/24 mövsümünün sonuna qədər nəzərdə tutulub. Kuk "Bornmut"da 10 il ərzində 389 oyuna 20 qol vurub.
Emin Şəmsiyev