“Qəbələ”nin məşqçisi Xəqani Məmmədov Azərbaycan Premyer Liqasının 24-cü turunun oyunundan - "Qarabağ"la matçdan sonra ənənəvi mətbuat konfransına qatılıb.
Fanat.Az xəbər verir ki, baş məşqçi Elmar Baxşıyev cəzalı olduğu üçün "qırmızı-qaralar"ı liderlə görüşə çıxaran Məmmədov 0:2 hesablı yenilgini dəyərləndirib:
“Çətin oyun oldu. Bu matça çox ciddi hazırlaşmışdıq. Meydana qələbə üçün çıxmışdıq.
Komandada itkilər var. Bu, oyunumuza çox təsir edir. Əvvəlki matçlarda da bunun təsiri olub. İstədiyimiz oyunu göstərə bilmədik. “Qarabağ”ın gücünə bələdik. Bu gün belə heyətlə çalışdıq ki, nələrsə edək. Gücümüz bu qədərinə çatdı. Əsas heyət oyunçuları zədəli olduğundan komandaya kömək edə bilmirlər. Gənc futbolçularla meydana çıxırıq və istədiyimizi göstərə bilmirik. 3-4 gündən bir oynayırıq, kubok matçları da var. Bu da bizim oyuna təsir edir. Heyət böyük olmalıdır. Çempionatın gərgin vaxtıdır. Bu gün kim daha hazırdırsa, meydanda da onlar olacaq”.