Fanat.az olimpiya və ikiqat dünya çempionu, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, I Avropa Oyunlarının Təşkilat Komitəsinin üzvü Fərid Mansurovun müsahibəsini təqdim edir.
- Fərid, I Avropa Oyunları barədə fikirlərinizi bilmək maraqlı olardı...
- Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu idman siyasəti Azərbaycan Respublikasının dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən müasir dövrün tələb və reallıqlarına uyğun davam etdirilir və bu istiqamətdə davamlı inkişaf əldə olunub. I Avropa Oyunlarının Azərbaycana həvalə edilməsi onu göstərir ki, respublikamız bütün sahələrdə, o cümlədən idmanda tərəqqi dövrünü yaşayır. Ölkəmizdə təşkil olunan Avropa, dünya çempionatları silsilə xarakter daşıyır. Xalqımız bu cür yarışların keçirilməsinə artıq alışıb. Sözsüz ki, bu cür mötəbər yarışlar ölkəmizə böyük imic qazandırıb. Respublikamızda idmanın müxtəlif növləri üzrə dünya və Avropa çempionatları keçirilir. Bu tədbirlərin yüksək səviyyədə hazırlığı həm idmançılar, həm də idman ictimaiyyəti tərəfindən qeyd olunur. İdmançılarımızın mötəbər yarışlarda əldə etdiyi yüksək nailiyyətlər, dövlətin idmanın inkişafına dəstəyi, mövcud idman infrastrukturu ilk Avropa Oyunlarının ölkəmizdə təşkilinə zəmin yaradıb. Bu, Azərbaycan Prezidenti İlham Əliyev başda olmaqla, xalqımızın böyük uğurudu.
İyunun 12-dən 28-dək bütün dünyanın diqqəti Azərbaycana yönələcək. Biz də bu yarışlara çox ciddi hazırlaşır, məsuliyyətimizi dərk edirik. Doğma divarlar idmançılara kömək etsə də, məsuliyyəti daha da artırır. Azərbaycan I Avropa Oyunlarını yüksək səviyyədə keçirəcək. 20 idman növü üzrə 6000-dən çox idmançının iştirakı böyük rəqəmdi. Prezident dəfələrlə çıxışlarında qeyd edib ki, I Avropa Oyunları təşkilatçılıq baxımından Yay Olimpiya Oyunlarından heç də geri qalmayacaq.
Aprelin 26-da Azərbaycanın və dünyanın idman tarixində əlamətdar hadisə baş verdi. Paytaxtımızda ilk Avropa Oyunlarının məşəli alovlandırıldı. Məşəl Azərbaycanın hər bir guşəsini gəzib-dolaşacaq, Oyunların açılış mərasimində isə Bakı Olimpiya Stadionuna gətiriləcək.

- Siz həm də ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin üzvüsünüz. Bu mötəbər idman tədbirinə hazırlıq işləri barədə nə deyə bilərsiniz?
- I Avropa Oyunlarının Bakıda təşkili qarşımızda böyük imtahan və məsuliyyətdi. Qitə Oyunlarına Təşkilat Komitəsi tərəfindən ciddi hazırlıq işləri aparılır. Paytaxtın müxtəlif yerlərində yeni infrastruktur layihələri həyata keçirilir. Artıq idman obyektləri idmançıları qəbul etməyə hazırdı. Müəyyən idman növləri üzrə yarışların keçirilməsi üçün nəzərdə tutulan müvəqqəti idman obyektləri də quraşdırılır. Bu işlər planlı şəkildə həyata keçirilir. Avropa Oyunlarında iştirak edəcək könüllülərin hazırlığı ilə bağlı müxtəlif tədbirlər görülür. Proqrama daxil olan ayrı-ayrı idman növləri üzrə ölkənin idman federasiyalarında yarışlara hazırlıq prosesi davam etdirilir. Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinin yüksək səviyyədə təşkili vacib amillərdəndi. Bu mərasimlərin daha yaddaqalan və möhtəşəm olması üçün Təşkilat Komitəsi tərəfindən müvafiq tədbirlər görülür. Bir sözlə, ölkəmizdə I Avropa Oyunlarına hazırlıq işləri yüksək səviyyədə gedir.

- Adətən, Olimpiya Oyunlarında yarışlar ev sahibi olan şəhərlə yanaşı, ölkənin digər bölgələrində də keçirilir. İlk Avropa Oyunlarında da bu cür təcrübədən istifadə olunacaq. Avarşəkmə üzrə yarışlar paytaxtda deyil, Mingəçevirdə təşkil olunacaq...
- Pekin Yay Olimpiya Oyunlarında atçılıq yarışları Honkonqda keçirilirdi. Bu, adətən, xüsusi obyektlər tələb edən idman növlərinə aid edilir. Məsələn, avarçəkmə, yelkənli qayıq idman növləri üzrə yarışlar dənizdə keçirilməlidi. Əgər olimpiadaya ev sahibliyi edən şəhərdə bu yarışların təşkili üçün şərait yoxdusa, o zaman belə yarışlar başqa şəhərdə keçirilir. Bu yarışların Mingəçevirdə keçirilməsi daha məqsədəuyğundu. Orada avarçəkmə yarışlarının təşkili, idmançıların yerləşdirilməsi üçün gözəl şərait var. Oyunlar zamanı burada atletlər kəndi yaradılacaq. Beynəlxalq Olimpiya Komitəsini qərarına əsasən, Olimpiya Oyunları bir deyil, bir neçə şəhərdə keçirilə bilər. Bu təcrübə ilk dəfə futbol yarışlarında öz təsdiqini tapıb. Hətta futbol üzrə Avropa çempionatları da bir neçə ölkədə keçirilib.

- Fərid, necə düşünürsünüz, Avropa Oyunları ölkəmizin həyatında nə kimi rol oynayacaq?
- Avropa Oyunları Azərbaycanın iqtisadi, siyasi və idman həyatında mühüm rol oynayacaq. Ölkəmiz bu yarışlardan sonra dünyada daha da tanınacaq. Azərbaycan 24 ildir müstəqillik dövrünə qədəm qoyub. Avropa Oyunlarının təşkili respublikamızın dünyadakı nüfuzunu daha da artıracaq. Oyunların təşkili paytaxtımızın infrastrukturuna müsbət təsir göstərəcək, ölkədə turizmin inkişafına böyük təkan verəcək. Avropa Oyunları ilə bağlı nəqliyyat sistemi, infrastruktur müasirləşdirilir. Hətta qanunvericiliyə də müəyyən dəyişikliklər edilib. Görülən işlər bir irs olaraq gələcək nəsillərə ötürüləcək. Məsələn, oyunlarla bağlı yaradılmış təhlükəsizlik və nəqliyyat sistemindən sonralar da istifadə ediləcək. İlk Avropa Oyunları Azərbaycanın bütün dünyada nüfuzunu artırmaqla yanaşı, idmanımızın maddi-texniki bazasının güclənməsinə də şərait yaradacaq. Müasir standartlara uyğun tikilən idman obyektlərindən xalqımız istifadə edəcək. Bundan başqa, bu oyunlar respublikada digər sahələrin inkişafına da böyük təkan verəcək.

- İlk Avropa Oyunlarında pəhləvanlarımızın şanslarını necə qiymətləndirirsiniz?
- Xalqımız güləşçilərimizin mötəbər yarışlarda yüksək nəticələr göstərməsinə bir növ adət edib. Təbii ki, paytaxtımızın ev sahibliyi edəcəyi ilk Avropa Oyunlarında digər idman növlərində çıxış edəcək atletlərimizlə yanaşı, güləşçilərimizin də üzərinə böyük məsuliyyət düşür. Pəhləvanlarımızın qarşısına qoyulan əsas hədəf Avropa Oyunlarına yüksək səviyyədə hazırlaşmaq, mükafatçılar sırasında yer almaqdı. Bu istiqamətdə Azərbaycan Güləş Federasiyası tərəfindən də əhəmiyyətli işlər görülür. Yunan-Roma güləşi, sərbəst güləş və qadın güləşi üzrə yığma komandamızın üzvləri Avropa Oyunlarına ciddi şəkildə hazırlaşırlar. Onların yüksək səviyyədə hazırlaşmaları üçün federasiya rəhbərliyi tərəfindən hərtərəfli şərait yaradılıb. Bir müddət əvvəl Heydər Əliyev adına İdman Arenasında Azərbaycan Güləş Federasiyasının kuboku uğrunda ənənəvi beynəlxalq turnir keçirildi. Bu yarış həm də Avropa Oyunlarına sınaq xarakteri daşıyırdı. Komandamız həm sərbəst, həm də yunan-Roma güləşi üzrə komanda hesabında birinci oldu. Ümid edirəm ki, pəhləvanlarımız ilk Avropa Oyunlarında da yüksək səviyyədə çıxış edərək medal kolleksiyalarının sayını daha da artıracaqlar.

Esmira Orucova
"Binəqədi" qəzeti