Ötən gün "Sabah" klubu baş məşqçisi Ramin Quliyevin istefaya verdiyini açıqlayıb.
Fanat.Az-a daxil olan məlumata görə, hazırda "Turan Tovuz" Futbol Akademiyasının koordinatoru vəzifəsində çalışan Adil Şükürov "Sabah"ın baş məşqçisi postuna əsas namizəddir.
Məsələni dəqiqləşdirmək üçün mütəxəssislə əlaqə saxladıq. Lakin Adil Şükürov "Sabah"dan rəsmi təklif almadığını dedi.
"Sabah"ın mətbuat katibi Elnur Həmidov isə Fanat.Az-a açıqlaması belə oldu: "Hazırda baş məşqçi məsələsi ilə bağlı dəqiq nə isə demək mümkün deyil. Bildiyiniz kimi, Ramin bəyin istefası dünən reallaşıb. Qarşıdakı günlərdə baş məşqçi təyinatı ilə bağlı məsələ klub rəhbərliyi tərəfindən müzakirə edilərək uyğun qərar veriləcək. Bu istiqamətdə hər hansı qərar qəbul edilsə, bu barədə rəsmi səhifələrimiz vasitəsilə ictimaiyyətə məlumat veriləcək".
Qeyd edək ki, 7 turdan sonra 1 xalı olan "Sabah" Azərbaycan Premyer Liqasında 8 komanda arasında sonuncu pillədə qərarlaşıb.
Röya