Türkiyənin "Ankaraspor" klubu "Neftçi"yə rəsmi təklif göndərib. Fanat.az xəbər verir ki, Ankara təmsilçisi Cavid İmamverdiyevi heyətinə qatmaq istəyir.
PTT 1-ci liqada çıxış edən "Ankaraspor" Cavidi icarəyə götürmək istəyir. "Neftçi" futbolçusunu Türkiyə klubuna verib-verməməklə bağlı hələ qərar qəbul etməyib. Bununla bağlı qərar klub prezidenti Sadıq Sadıqovla baş məşqçi Böyükağa Hacıyev arasındakı görüşdən sonra qəbul ediləcək.
Qeyd edək ki, "Ankaraspor" başa çatan mövsümü PTT 1-ci liqanın 4-cü pilləsində başa vurub və Super Liqaya vəsiqə uğrunda play-off mərhələsinə qatılıb. Lakin yarımfinalda "Samsunspor"a uduzaraq, mübarizəni dayandırıb. 1978-ci ildə yaradılan klub 2009/10 Super Liqaya qatılıb. Lakin liqanın digər təmsilçisi "Ankaragücü" ilə yaxınlaşması səbəbindən TFF tərəfindən 1-ci liqaya göndərilib. 2010-cu ilin 5 avqustunda buraxılan klub 2011-ci ilin 29 iyununda bərpa olunub.
Cavid İmamverdiyev isə 2008-ci ildən "Neftçi"də çıxış edir. Başa çatan mövsümdə 33 rəsmi oyuna çıxan 23 yaşlı yarımmüdafiəçi 3 qol vurub.
Fanat.az