"İlk olaraq deyim ki, Naxçıvanda yerləşdiyimiz otel, otelin personalı bizə qarşı çox qonaqpərvər davrandılar. Təhlükəsizliyimiz üçün lazım olan bütün diqqət alqışa layiq idi. Elə polislər də nümunəvi davranışları ilə yadda qaldılar". Fanat.az xəbər verir ki, bu sözləri "Xəzər Lənkəran"ın baş məşqçisi Con Toşak deyib.
Klubun rəsmi saytına danışan uelsli mütəxəssis Superkubok oyunu üçün getdikləri Naxçıvanı tərifləyib: "Çox təmiz havası olan Naxçıvanda hər tərəfdə görünən dağlar da şəhər mərkəzinə əlavə gözəllik verirdi. Xüsusən bir rəngdə olan taksilər və sürücülərin uniformada olması diqqətimi çəkdi. Maraqlanıb biləndə ki, taksilər yerli istehsaldı yadıma FİAT-ın İtaliyada yayılması düşdü. Bundan əlavə küçələrdə şütüyən avtomobillər çox təmiz idi. Məncə Avropada Naxçıvan haqqında geniş məlumat yoxdu. Hamı Bakı, Bakı deyir. Amma belə bir gözəl məkan da varmış".
Toşak naxçıvanlı azarkeşlərə də təşəkkür edib: "Ən çox da bizi matç ərzində dəstəkləyən naxçıvanlı azarkeşlərə minnətdaram. Görünür “Xəzər Lənkəran”ın hər yerdə sadiq azarkeşləri var. Bir sözlə, Naxçıvan məndə inanılmaz xoş təəssürat oyatdı".
"Xəzər Lənkəran"ın baş məşqçisi Premyer Liqanın "Qarabağ"la oyunu barədə də danışıb: "Qarşıda “Qarabağ”la çox çətin oyunumuz var. Hər zaman kubok qazanmaq gözəl hiss yaradır. Amma artıq çempionatı düşünməliyik. Bildiyiniz kimi, biz burda olmadığımız müddətdə Lənkəranda ardıcıl yağışlar yağıb. İndi məşq keçmək üçün elə proqram tərtib edirik ki, əsas və ehtiyat meydançalarımız korlanmasın. Ümumiyyətlə, Lənkərana tez-tez yağış yağdığından əlavə süni qazonu olan meydana ehtiyac yaranır. Bu problemi həll edəcəyik. Azarkeşlərimizi sevindirmişik və inanıram ki, onlar “Qarabağ”la oyunda tribunaları dolduracaqlar!"
Fanat.az